Elnur Allahverdiyev: “Xarıbülbül musiqi festivalı hədəfi dəqiqliklə vuran mənəvi zəfərdir”

“Xarıbülbül musiqi festivalı bizi 30 il əvvəlki tarixlə birləşdirən körpüdür. Onun bərpası tarixi və siyasi olmaqla yanaşı, həm də mənəvi məsələ idi. Açıq səma altında muzey olan Şuşamızın hər evi, binası, küçəsi və daşı kimi, mədəni irsi də bərpa olunmalıdır. 29 illik işğal müddətində Ermənistan Şuşanın “erməni keçmişi”nə malik olmasına dair heç bir tutarlı tarixi, memarlıq, mədəni arqumentlə çıxış edə bilməyib. Erməni təbliğat maşınının “saman çöpü” rolunda çıxış edən Qazançı kilsəsinin isə əslində, erməni deyil, rus pravoslav olduğuna dair tarixi materiallar və faktlar var”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:

“Ermənilər bu qədim şəhəri məskunlaşdıra bilmədikləri kimi, onu tarixlərinə calamağa da müvəffəq olmadılar. 30 ilə cəmi 2-3 min əhali. Əsasən yaşlılar, Livan və Yaxın Şərqin müxtəlif dalanlarından “cənnət həyat” adı ilə Azərbaycan torpaqlarına gətirilən etnik ermənilər. Bir rusiyalı videoblogerin dediyi kimi, “bomjlar”. Livandan Şuşaya gətirilmiş erməninin Şuşa ilə hansı mədəni və mənəvi bağlılığı ola bilər? Qarabağ xanlarına, Natəvana, Üzeyir bəyə, Bülbülə və onlarla tarixi şəxsiyyətlərimizə qarşı hansı alternativlərlə çıxış edib və ya edə bilər ermənilər? Şuşa qalasının hansı daşında erməni izi var? Şəhərin hansı tarixi binasını qurub-yaradıblar?

İnsan torpaq üzərində tikib-yarada, söküb-dağıda bilər. Ancaq onun həmin məkanla mənəvi bağlılığı yoxdursa, bu torpaq, bu kənd, şəhər, bu yurd onun deyil. Aldığı nəfəs, islandığı yağış, seyr etdiyi təbiət, içdiyi su yaddır ona. Daha doğrusu, o, özü yaddır həmin havaya, təbiətə, suya. 30 il Şuşada olduğu kimi… Xarıbülbül musiqi festivalı məhz bunun, yəni Şuşanın, Qarabağın təbiətinin, havasının, suyunun musiqisi, incəsənəti, mədəniyyəti kimi biz azərbaycanlılara doğma olduğunu sübut, təcəssüm etdirən mənəvi fenomendir.

Xarıbülbül festivalı ona görə var ki, yüzillər boyu biz azərbaycanlılar bu şəhərdə yaşayıb-yaratmışıq. Qafqazın konservatoriyası olan Şuşadan musiqi əsərlərimiz, onları yaradan dahilərimiz, ifaçılarımız, korifey xanəndələrimiz çıxıb. Bu elə bir dərin irsdir ki, Qarabağ 30 il işğal altında qalsa da, nəsillər dəyişsə də, muğamı ifa edən gənc nəslin nümayəndələri heç vaxt Qarabağı görməsələr də, həmin ənənəni yaşadıb inkişaf etdiriblər. Yəni bir tərəfdə Şuşanın mərkəzi, mənbəyi, yuvası olmuş muğamı Şuşa görmədən yaşadan gənc istedadlarımız var, digər tərəfdə isə 30 il tapdaq yeri etdikləri və heç bir mənəvi irs yarada bilməyən, daşı daş üstünə qoymağa qabiliyyətləri çatmayan, hər il mayın 8-ə şəhərə yığışıb oğurluq musiqinin sədaları altında oğurluq rəqs edən ermənilər. Bunu göstərdi Xarıbülbül musiqi festivalı!

Şəhərin azad olunmasından cəmi 6 ay sonra belə möhtəşəm mədəni tədbirin keçirilməsi böyük zəfərdir. Xarıbülbül festivalının keçirildiyi iki gün qələbə çaldığımız Vətən müharibəsinin 45-ci və 46-cı günləridir. 44 günlük hərbi qələbəmiz və iki günlük mənəvi zəfərimiz! Bu baxımdan, Xarıbülbül musiqi festivalı güclü və təsirli, hədəfi dəqiqliklə vuran təbliğati prosesdir. Bu tədbirin Ermənistanın siyasi kuluarlarında hansı effekt yaratdığını bilmək üçün erməni mediasına, teleqram-kanallarına nəzər yetirmək kifayətdir. Döyüş meydanında məhv edilən, qaçmağa məcbur olan, kapitulyasiya aktını imzalayan düşmən intellektual, təbliğati, mədəni müstəvidə də məğlub edilir. Özü də bu hələ 30 illik işğaldan sonra ilk belə mədəni tədbirdir. Xarıbülbül festivalı kimi onlarla, yüzlərlə tədbirlərimiz keçiriləcək hər il. Bu illər ərzində işğal faktını görməzdən gələn dünya nəhayət ki, Qarabağın kimə məxsusluğunu seyr edəcək və ümid edək ki, anlayacaq”.