Elşən Musayev:”Təxribatçı və işğalçı Ermənistan panik durumdadır”

“Azərbaycanın qəhrəman ordusu şəhidlərimizin qisasını çoxdan alıb. Onların qanı yerdə qalmayıb. Bütün həssas məntəqələr qüdrətli ordumuzun nəzarətindədir. Azərbaycan öz üstünlüyünü qoruyub saxlayır.”- XALQ.AZ xəbər verir ki, bu fikirləri millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev cəbhə boyunca davam edən məlum proseslər haqda danışarkən bildirib.

“Ermənistan çaşqınlıq içindədir. Deyilənə görə artıq düşmən ölkədə bəzi kəndlər boşaldılır, erməni ordusunda meydandan, səngərdən qaçma, döyüşdən yayınma, imtina etmə halları müşahidə olunur. Onların canlı itkiləri də yetərincədir, sadəcə hamısını birəbir etiraf etməkdən qorxurlar, çəkinirlər, ehtiyat edirlər. Niyə qorxurlar? Çünki əgər müharibədəki real tələfatın miqyası söylənilsə Ermənistan daxilində onsuzda çoxdan bərqərar olan açıq xaotik meyllər daha da artacaq və Paşinyanın hakimiyyətdən getmə prosesi sürətlənəcək. Ona görə də imitasiya edirlər. Ona görə Paşinyan informasiya blokadası qurub. Ona görə bu təxribatçı və işğalçı dövlət panik durumdadır.

Gərginliyin hara qədər irəliləyəcəyini kimsə proqnozlaşdıra bilməz. Amma bircə onu tam yəqinliklə demək olar ki, Ermənistan bundan sonra bütün mərhələlərdə yalnız uduzacaq, itirəcək, geri çəkiləcək. Çünki beynəlxalq aləm Azərbaycanın haqq işini dətəkləyir. Çünki bizim İlham Əliyev kimi ləyaqətli Ali Baş Komandanımız, ən kritik anlarda sərrast, doğru qərarlar verməyi bacaran liderimiz var. Çünki bizim yanımızda ədalət var, istinad etdiyimiz beynəlxalq hüquq var. Çünki bizim əlimizdə BMT-nin qətnamələri var. Çünki bizim Türkiyə kimi, Pakistan kimi qardaşlarımız var. Bütün rıçaqlar və üstünlüklər Azərbaycanın əlindədir, tərəfindədir. Ona görə də işğal altında olan torpaqlarımızın yaxın zamanlarda geri qayıdacağına kimsə şübhə etmir.” – deyə millət vəkili fikirlərinə davam edib.