“Ermənilər həmişə olduğu kimi, bu hadisədən də “siyasi şou” yaratmaq istəyirlər ” – Fərid Şahbazlı

Məlum olduğu kimi, 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərə qarşı soyqırımı cinayətləri törətmiş Vaqif Xaçaturyan iyulun 29-da sərhədçilərimiz tərəfindən saxlanıldı. On ildən artıqdır ki, onun haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə cinayət işi mövcuddur. Bundan əlavə, Xaçaturyanın həbsi 1948-ci il 9 dekabr tarixli “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nın, 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin və 1966-cı il 10 dekabr tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın tələbləri ilə də tam legitim və qanunidir.

Bu sözləri  “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı söyləyib.

O bildirib ki, ortada konkret cinayətkar və cinayət faktı var, burada heç bir irqi və ya milli təqibdən söhbət gedə bilməz. “Ermənilər həmişə olduğu kimi, hay-küy salmaqla, beynəlxalq təşkilatların qapılarında ağlaşma qurmaqla bu hadisədən “siyasi şou” yaratmaq istəyirlər. Bütün bunlar 25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkara və onun cinayətlərinə dövlət səviyyəsində haqq qazandırmaqdan başqa bir şey deyil”, – deyə o vurğulayıb.

Fərid Şahbazlının sözlərinə görə, bu işin siyasi-hüquqi tərəfindən başqa, həm də mənəvi tərəfi var. Atalarımızın dediyi kimi, “Qisas qiyamətə qalmaz” və qalmadı da. Bir vaxtlar uşaq-böyük, qadın-qoca demədən köməksiz, əlsiz-ayaqsız minlərlə azərbaycanlını məhz azərbaycanlı olduğuna görə qanına qəltan edən daha neçə erməni cinayətkarları da layiq olduqları cəzanı alacaqlar. Onları qorxudan, “yazıq millət” obrazına girib beynəlxalq təşkilatlardan imdad dilənməyə vadar edən də elə budur. Lakin heç bir faydası yoxdur. Azərbaycan bundan sonra da ardıcıl olaraq öz suverenliyinin, ərazi bütövlüynün və hərbi qüdrətinin artırılması, o cümlədən vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində beynəlxalq hüquq çərçivəsində bütün tədbirləri görəcək.