“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində intensiv proses gedir” – Deputat

ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü başa çatıb. ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə keçirilən görüşdə tərəflər bir çox məsələləri müzakirə ediblər.

Milli Məclisin deputatı Elman Nəsirov danışıqların növbəti raundu barədə danışıb.

“Ermənistan Azərbaycan münasibətlərinin normallaşması istiqamətində intensiv proses gedir. Hələlik kəmiyyət göstəriciləri baxımından hər şey qaydasındadır. Buna may ayının əvvəlində Vaşinqton, Brüssel, Kişinyov, Moskva və dünən başa çatan danışıqlar misal ola bilər. Amma söhbət danışıqların keyfiyyətindən gedəndə hələlik müsbət bir nəticə yoxdur. Keyfiyyətin yüksəldilməsi üçün Vaşinqton səylərini artırır. Vaşinqton danışıqlarında sülh müqaviləsinin imzalanması əsas hədəfdir. Heç kim Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri səviyyəsində danışıqlarda sülh prosesinin bütün detallarının razılaşdırılacağına ümid etmir. Amma burada mövqelərin yaxınlaşması, sülh müqaviləsinin imzalanması üçün bütün parametrlərin təmin edilməsi əsas hədəfdir.

Bu məntiqlə yanaşdıqda iki ölkə sərhədlərinin delimitasiyası ətrafında müzakirələr, nəqliyyat kommunikasiyalarının bərpası, Zəngəzur dəhlizinin işə salınması ətrafında danışıqlar daha aktual görünür. Atəşkəsin ermənilər tərəfindən pozulması, təxribatlara son qoyulması, iki dövlət arasında etimad mühitinin formalaşdırılması üçün addımların atılması kimi məsələlərin xüsusi diqqət mərkəzində saxlandığı bəllidir.

Rəsmi Vaşinqtonun mövqeyi belədir ki, tərəflər növbəti dəfə mövqelərin yaxınlaşdırılması istiqamətində müəyyən irəliləyişə nail olublar. Amma irəliləyişin detalları bəlli deyil. Adətən belə görüşlərin ardınca Moskvanın da fəallaşması diqqətdən yayınmır. Rusiya Vaşinqtonda, Brüsseldə keçirilən danışıqlardan ya öncə, ya da sonra Moskva və Soçidə danışıqlar məsələsini gündəmə gətirir.

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanması məsələsində birinciliyin qorunub-saxlanması, estafetin əldə saxlanması istiqamətində Qərblə Rusiya arasında rəqabət var. Bu rəqabət sağlam rəqabət deyil. Moskvaya elə gəlir ki, Vaşinqtonda aparılan danışıqlar Rusiyanın Cənubi Qafqazdan çıxarılma məqsədinə xidmət göstərir. Vaşinqton da eyni zamanda hesab edir ki, Moskvanın sülh prosesinə töhvə vermək cəhdi Cənubi Qafqazda mövqelərini daha da möhkəmləndirmək üçün atılan addımdır. Bax, belə qeyri sağlam münasibət sülh prosesinə əngəl törədir. Elə bu məntiqə söykənərək Azərbaycan Prezidenti Cənab İlham Əliyev dəfələrlə söyləyib ki, ən yaxşısı ikitərəfli formatda aparılan danışıqlardır. Azərbaycanla Ermənistan vasitəçilər olmadan danışıqlar aparmalıdır. Amma təəssüf ki, indiki reallıqda bu, mümkün olmur. Vaşinqton danışıqlarında ən böyük irəliləyiş o ola bilər ki, tərəflər fundamental məsələlər üzrə mövqelərini daha da yaxınlaşdırmaq istiqaməyində müəyyən addımlar atsın”.