Ermənistan Azərbaycanın şərtləri ilə razı olmalıdır

Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan Ötən cümə günü parlamentdə keçirdiyi qapalı iclasda açıq şəkildə bildirib ki, qısa müddət ərzində dörd kəndin Azərbaycana qaytarılması baş verməlidir. O, yaxın günlərdə üçüncü ordu korpusunun bu ərazilərdən çıxarıla biləcəyinə və Azərbaycanın olan dörd yaşayış məntəqəsinin sahiblərinə qaytarıla biləcəyinə eyham vurub.

Bunu  deputat Cavanşir Paşazadə bildirib.

Millət vəkili qeyd edib ki, son bir neçə ayda İrəvanda ən yüksək dairələrdə Qazaxın 7 kəndinin və Kərkinin Azərbaycana qaytarılması mövzusu çox aktuallaşıb:

“Nikol Paşinyanın açıqlamalarından görünən odur ki, artıq Ermənistan Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul edir və sülh prosesini sürətləndirmək üçün konstruktiv adadımların zəruri olduğunu anlayır. Bu gün Ermənistan Azərbaycanın şərtləri ilə razı olmalı və tezliklə sülh müqaviləsini imzalamalıdır”.

Deputat qeyd edib ki,ötən cümə Nikol Paşinyan Milli Assambleyada “Mülki müqavilə” fraksiyasının deputatları ilə keçirdiyi növbəti qapalı iclasda qeyd edib ki, qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır:

“Bu gün Ermənistanın hər hansı şərt irəli sürmək şansı yoxdur. Qısa müddət ərzində Ermənistan Qazaxın 7 kəndini və Kərkini Azərbaycana geri qaytarmalıdır. Hazırda Ermənistanın işağalı altında olan Qazaxın 7 kəndi bir çox strateji yüksəkliklərdən ibarətdir. Xüsusilə də Naxçıvanın Kərki kəndi yerləşdiyi geostrateji mövqeyə görə çox önəmli ərazidir. Nikol Paşinyanın mətbuata verdiyi açıqlamalar və hazırkı vəziyyət onu göstərir ki, Qazaxın 7 kəndi və Kərki bu il Azərbaycana geri qaytarıla bilər. Əslində Ermənistanın bundan başqa şansı da yoxdur”.