Ermənistan beynəlxalq cinayət törətməkdə davam edir

“Dünyanın istənilən lokal və genişmiqyaslı müharibələrinin başa çatmasından sonra həmin ərazilərin ən böyük problemlərindən biri orada basdırılmış minalar və onların təmizlənməsi məsələsi olur. Mina problemi dünyada qlobal təhlükələrdən biri hesab edilir. İşğala uzun müddət məruz qalan Azərbaycan da bu problemlə üz-üzədir. Düşmən Ermənistan otuz illik işğal və müharibə zamanı ərazilərimizi minalayıb. Minalar o həddə qədər çatıb ki, Azərbaycan hazırda dünyada mina ilə çirklənmiş ölkələr sırasında ən yuxarı sıralarda qərarlaşıb”.

Bu sözləri  açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, müharibədən 4  ilə qədər vaxt keçməsinə baxmayaraq, ölkəmiz hələ də minaların təmizlənməsini həyata keçirir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan bu işləri məhz öz gücü hesabına yerinə yetirir.

Bir neçə dəfə Azərbaycanın tələbi ilə basdırılmış minaların xəritəsi Ermənistan tərəfindən təqdim olunsa da, onların yarıdan çoxu yanlış məlumat olub. Bu isə ikiqat beynəlxalq cinayət deməkdir. Ümumiyyətlə minaların təmizlənməsi bütün dünyada mina ilə çirklənmiş ölkələrin digər sosial sahələrdəki inkişafını ləngidir. Bu gün ölkəmiz öz gücü, kadrları hesabına böyük bir ərazinin minalardan təmizlənməsi işini həyata keçirir və paralel olaraq ərazilərdə böyük bərpa işləri aparılır. Bu konteksdən baxdıqda Azərbaycan yenə də dünya üçün bir nümunə olur. Təəssüflər olsun ki, beynəlxalq cinayətin törədilməsi Ermənistan üzərində beynəlxalq basqı və təzyiqə səbəb olmur. İnsan haqlarından danışan müasir ölkələr bu bəlanı törədənləri beynəlxalq məhkəmələrdə cəzalandırmırlar”.