“Ermənistan daxilindəki aqressiya artan dinamika üzərindən irəliləyəcək” – Elşən Musayev

“Paşinyan öz ölkəsinin siyasi və iqtisadi durumunu elə bərbad kökə salıb, elə bir hala gətirib ki, real vəziyyət pandemiya dövründə, lap dəqiq desəm həmin pandemiyanın fonunda daha açıq və qabarıq görünür. Bu səbəbdən etirazlar səngimir. Ona görə artıq hamı üsyana qalxıb, ittihamlar ard-ardadır, vəziyyət gərgindir”

 XALQ.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev Ermənistanda baş verən son kritik siyasi olaylara münasibət bildirərkən söyləyib.

“Heç şübhə etmirəm ki, məlum aqressiya artan dinamika üzərindən irəliləyəcək. Çünki Paşinyanın uğursuzluğu bir tək daxili siyasətdə deyil, həm də beynəlxalq siyasətdədir. Elə bir misal çəkərək deyim ki, Avropa Parlamentinin son qəbul elədiyi sənəd Ermənistanın onurğasından vurulan zərbə idi. Fəqət, çox da ədalətli zərbə. Həmin sənəddə əks olunan bəndlərdə Azərbaycanın ərazi bütövlüyü növbəti dəfə öz əksini tapdı, tanındı, Ermənistan işğalçı adlandırıldı, Paşinyan və onun yürütdüyü siyasət fiaskoya uğradı. Pandemiya isə daxildə vəziyyəti lap kəskinləşdirib. Paşinyan artıq şou, tamaşa da göstərə bilmir, bütün limitləri tükənib. Hətta idarəetmədəki xaos, daxildəki rabitəsizlik, uçurum o həddə qədər dərinləşib ki, səfirlər belə dilə gəliblər, Paşinyanı siqaret və qızıl qaçaqmalçılığında ittiham edirlər. Baş Nazir isə susqundur. Cavab vermir. Çünki artıq imitasiya üçün də yer qalmayıb. Paşinyan bu dəfə təpədən dırnağa qədər məğlubdur. Adamın yürütdüyü absurd siyasət öz məntiqi nəticəsinin son dayanacağındadır. Bundan o tərəfə yol yoxdur. Yol bitib. Həmin yolsuzluq isə Ermənistanı günü-gündən daha böyük məğlubiyyətlərə və fəlakətlərə aparacaq” – deyə millət vəkili fikirlərinə davam edib.