“Ermənistan heç nəyi həll edə bilməz” – Simon Kopadze

Ermənistan artıq bir neçə ildir Gürcüstanla strateji tərəfdaşlığa nail olmağa çalışsa da, hələlik bu istiqamətdə uğur əldə edə bilməyib.

Bu barədə Ermənistan kütləvi informasiya vasitələri də mütəmadi yazır. Belə ki, hələ Gürcüstanın keçmiş baş naziri Mamuka Baxtadzenin (2019-cu il) dövründə Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla qeyri-rəsmi görüşlərin formatı işlənib hazırlanmışdı və bu, İrəvanla Tbilisi arasında strateji tərəfdaşlığa nail olmaq yolunda atılan addımlardan biri olub.

2021-ci ildə isə Ermənistan tərəfi Gürcüstanla bağlı niyyətlərini hökumətin beşillik proqramında təsbit edib.

Yeri gəlmişkən, hətta Gürcüstan prezidentinin keçmiş aparat rəhbəri Petre Mamradze də qeyd edib ki, “indiki mərhələdə Ermənistan-Gürcüstan qarşılıqlı fəaliyyətinin strateji xarakterindən danışmaq hələ tezdir”.

Beləliklə, İrəvanın uzun illər həyata keçirdiyi cəhdlərə baxmayaraq, Ermənistan və Gürcüstan hələ də strateji müttəfiq deyillər.

Oxu.Az Ermənistan-Gürcüstan münasibətlərini şərh etmək üçün gürcüstanlı politoloq, Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadzeyə müraciət edib:

– Ermənistanla strateji tərəfdaşlıq – qəribə səslənir. Ermənistan Respublikası müstəqil dövlət deyil və regionda hər hansı bir rol oynamır ki, onunla hansısa strategiyadan danışmaq mümkün olsun. Ermənistan heç vaxt müstəqil olmayıb, Rusiya Federasiyasının vassal ölkəsidir, əlaltısıdır. Eyni zamanda, aydındır ki, İrəvanın strateji tərəfdaşlıq qurmaq istiqamətində öz maraqları var. Amma gürcü siyasətçilərdən kim olur-olsun, İrəvanla hətta regional səviyyədə də strateji tərəfdaşlıqdan danışmayacaqlar. Bu, dediyim kimi, qəribədir, hətta gülməlidir.

– Başa düşdüyüm qədərilə Tbilisi bunda heç bir məna görmür…

– Tamamilə doğrudur.

– Bir az geniş aspektdən baxsaq, Ermənistan Gürcüstana nə verir, yaxud nə verə bilər, eyni zamanda, Gürcüstan Ermənistana nə verir? Kim kimdən asılıdır?

– Tamamilə başqa dövlətdən asılı olan vassal nə verə bilər? Ermənistanın özünün heç nəyi yoxdur, o, heç nəyi həll edə bilməz. Bu dövlət iqtisadi, siyasi, hərbi cəhətdən sıfırdır. Zərər vurmağa gəlincə, İrəvan ancaq kiçik fitnə-fəsad törədə bilir. Belə olan halda hansı strateji tərəfdaşlıqdan danışmaq olar?

Gürcüstan Ermənistanın hansısa münasibətlərinin olduğu yeganə qonşusudur (İranı nəzərə almasaq). Onlar üçün Abxaziyadan dəmir yolu açmaq strateji əhəmiyyət kəsb edir, bunu xahiş edirlər, yalvarırlar, Tbilisidən yaşıl işıq gözləyirlər ki, Ermənistan Rusiyadan dəmir yolu ilə yük qəbul edə bilsin. Bu, onların ən mühüm strateji hədəfidir. Amma buna, sadəcə, eyham vuran istənilən gürcü siyasətçi dərhal mövqe və nüfuzunu itirəcək, onun siyasi karyerasının sonu gələcək.

– Yeri gəlmişkən, əgər erməni tərəfi Tbilisi ilə tərəfdaşlıqdan danışırsa, o zaman niyə hələ də, məsələn, 442 gürcü kilsəsi ilə bağlı iddialardan imtina etmir…

– Düz deyirsiniz, bu, suallar doğurur. Həm də xatırlamaq yerinə düşər ki, onlar heç bir beynəlxalq forumda, heç bir beynəlxalq təşkilatda, o cümlədən BMT-də gürcü qaçqınların Abxaziyaya qaytarılması ilə bağlı qətnamələri dəstəkləməyiblər. Bəs bütün bunlardan sonra Gürcüstanla strateji tərəfdaşlıqdan danışmağa necə üzləri gəlir? Ümumiyyətlə, tərəfdaşlıq termini onlar üçün hansı mənanı kəsb edir?