“Ermənistan hökuməti bir çox hallarda bu konstruktiv yanaşmanı düzgün qiymətləndirə bilmir” – Deputat

Ermənistanın “humanitar məsələlər” adı altında pərdələdiyi destruktiv siyasət Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin reinteqrasiyasına maneələr yaratmağa hesablanıb.

30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini nümayişkaranə şəkildə icra etməyən Ermənistan indi bu qurumda Azərbaycan əleyhinə qərarların qəbul edilməsinə çalışır. Bu, Ermənistanın beynəlxalq münasibətlər sistemində ardıcıl və obyektiv mövqedən çıxış etmədiyini bir daha təsdiqləyir. Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr Azərbaycanın öz mövqeyində haqlı olduğunu bir daha təsdiq etdi.

Bu fikirləri  Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.

Deputat vurğulayıb ki, Laçın yolunda vətəndaşların, nəqliyyat vasitələrinin və humanitar məqsədli yüklərin daşınması üçün heç bir maneə yoxdur. Eyni zamanda, Azərbaycan dövləti humanizm prinsiplərindən çıxış edərək, humanitar məqsədli yüklərin daşınması üçün alternativ variantlar da təklif edib: “Azərbaycan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə tam sadiq olduğunu hər zaman nümayiş etdirib. Bizim ölkəmiz beynəlxalq hüquqa və üzərinə götürdüyü öhdəliklərə zidd siyasət yürütmür. Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir ki, regionda sülhün, sabitliyin təmin olunması, qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaradılması üçün vəziyyəti gərginləşdirən addımlardan çəkinmək lazımdır. Təəssüf ki, Ermənistan hökuməti bir çox hallarda bu konstruktiv yanaşmanı düzgün qiymətləndirə bilmir”.

Soltan Məmmədov qeyd edib ki, Ermənistan tərəfinin “humanitar məsələlər” adı altında pərdələdiyi destruktiv siyasət iki ölkə arasında münasibətlərin normallaşmasına və Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin reinteqrasiyasına maneələr yaratmağa hesablanıb. Sərhəd xəttində törədilən təxribatlar, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mülki təyyarələrin uçuşuna radioelektron müdaxilələr məhz bu siyasətin təzahürüdür: “Çox təəssüf ki, Ermənistan yaxın tarixin dərslərindən nəticə çıxarmır. Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən addımlardan çəkinmək, bütün açıq alan məsələləri danışıqlar masası ətrafında müzakirə etmək üçün konkret və inandırıcı addımlar atmalıdır. Regiondakı ümumi siyasi və iqtisadi proseslər, beynəlxalq münasibətlər sistemində yaranmış yeni reallıqlar kontekstində Azərbaycanla münasibətlərin normallaşmasına nail olmaq Ermənistan üçün yeganə çıxış yoludur”.

Deputat bildirib ki, Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz  çıxarılmalıdır. Əks halda Azərbaycan dövləti öz ərazisində tam suverenliyini təmin etmək üçün beynəlxalq hüququn verdiyi legitim hüquqdan istifadə etmək məcburiyyətində qala bilər ki, bu da Ermənistan üçün daha ağır nəticələrə səbəb olar.