Ermənistan: məğlub siyasətin miskin aqibəti

Erməni cəmiyyəti təslim aktının kədərini və məyusluğunu yaşadığı bir zamanda bu ölkənin başabəla siyasətçiləri fürsətdən yararlanaraq taleyinə təslimçilik aktını imzalamaq missiyası düşən baş nazir Nikol Paşinyanı devirmək və hakimiyyətə yiyələnmək üçün mübarizə meydanına atılıblar.
2018-ci il küçə inqilabından sonra keçirilən seçkilərdə uğur qazana bilməyən çoxsaylı cırtdan partiyaları təmsil edən psevdo-siyasətçilər daha çox vətənpərvər olduqlarını göstərmək üçün revanş şüarı altında birləşiblər və hələ də müharibənin ağır itkilərinə yas tutan xalqı meydana çağırmaqdadırlar. Müharibənin nəticələrini dəyişmək kimi cəlbedici şüarların bolluğuna baxmayaraq, xalq onları dəstəkləmir və onlar meydanda tək qaldıqlarını görürlər.

İşğalçı ölkədə
təqsirkar axtarışı
Təmsilçilik funksiyasından başqa heç bir real səlahiyyətə malik olmayan prezident Armen Sarkisyan da özü üçün xoşbəxt saatın gəldiyini qət edib baş nazir Nikol Paşinyana qarşı təzyiqlərin artması üçün əlindən gələni etdi. Ermənistanın ən gərgin günlərində prezident bir tərəfdən, heç bir səlahiyyətinin olmaması barədə və guya, “olsaydı təslimçiliyə yol verməyəcəkdi” kimi eyhamlarla dolu mesajlarını xalqa ünvanlayır, digər tərəfdən, demək olar ki, hər gün Paşinyana müxalif mövqedə dayanan ən radikal siyasi qüvvələrlə görüşərək siyasi meydanda özünün hakimiyyətə gedən yolunu açmağa başladı.
Paşinyanla müxalifət arasında öz məkrli oyununu aparan Sarkisyanın əsl məqsədi tezliklə həm xalqa, həm də hakimiyyətə gəlmək üçün dəridən-qabıqdan çıxan müxalifətə aydın oldu. Beləliklə, “toy generalı”nın əsl generala çevrilmək arzusu daşa dirəndi. Yaranmış pərtliyi ört-basdır etmək üçün məzuniyyət götürüb Londona yola düşən prezident orada “xəstələndi” və siyasi hakimiyyət ehtiraslarını söndürmək üçün düz bir aylıq “meditasiyaya” oturdu.
Sarkisyanın qürubu ilə əsas fiqurlardan birinin artıq sıradan çıxdığına əmin olan Koçaryan kölgədən çıxmağa başlayır. Keçmişi həm Azərbaycanda, həm də Ermənistanda qatı cinayət əməlləri ilə xatırlanan və yeni hakimiyyət tərəfindən dalana sıxılmış Koçaryan öz adı ətrafında “təcrübəli dövlət xadimi” imicinin yaradılması ilə siyasi səhnəyə qayıtmağa cəhd göstərir. Cəhdin uğurlu alınacağı halda Koçaryan özünün 2 əsas problemini həll etməyə çalışır: siyasi hakimiyyətə gələcəyi təqdirdə Ermənistana rəhbərlik etdiyi illərdə törətdiyi cinayətlərə görə məsuliyyətdən yaxa qurtarmaq və bu dəfə özünü yeni ampluada,”erməni xalqının xilaskarı” obrazında cəmiyyətə sırımaq.
Bu yaxınlarda Moskvada olarkən “Sputnik” telekanalına verdiyi müsahibəsində Koçaryan deyirdi: “Biz öz sərhədlərimizin təhlükəsizliyini təmin etmək iqtidarında deyilik. Ordunun bərpası ilə məşğul olmaq üçün siyasi iradə yoxdur. Apatiya səviyyəsi o qədər yüksəkdir ki, sosioloqlar deyirlər ki, bu vəziyyətdə hər hansı sosioloji araşdırma aparmağın mənası yoxdur. İnsanların şokda olması, savaş nəticələrinin olduqca gözlənilməzliyi təkcə hakimiyyətdən yox, ümumiyyətlə, dövlətdən məyusluq, erməni millətinin kifayət qədər dövlət yaradıcı resursunun olub-olmaması haqqında cəmiyyətin şübhələri – bütün bunlar olduqca dərin məyusluqdur, xüsusilə əhalinin intellektual kəsimi üçün.
Düşünürəm ki, bütün bunlar çox intensiv miqrasiyaya səbəb ola bilər. İnsanlar, sadəcə, çıxıb gedəcəklər. Bu məsələdə biz axı çox mobilik. Bizim böyük diasporamız var və böyük diaspora isə növbəti miqrasiya dalğası üçün real infrastrukturdur. Kimin harada qohumu, sinif yoldaşı, tələbə yoldaşı var, gedib onlara qoşulacaqlar…. Hələlik bizi pandemiya məhdudiyyətləri xilas edir. Bu məhdudiyyətlərin aradan götürülməsi, reyslərin sayının artırılması, avtobusla Gürcüstan vasitəsilə ölkədən çıxmaq və s imkanları yarananda elə bir köç dalğası başlayacaq ki, heç də az görünməyəcək.”
Elə oradaca ”Böyük siyasətə qayıtmışam”– deyən Koçaryan Qarabağ və onun gələcəyi haqqında bir kəlmə də danışmır. Qisas şüarlarının dəstəklənmədiyini görən hiyləgər Koçaryan müharibədəki məğlubiyyətin səbəbini Paşinyan hökuməti ilə bağlamaqla 30 il öncə özünün ortaya atdığı Qarabağ macərasını da birdəfəlik qapatmağa və unutdurmağa çalışır. O öz missiyasını artıq “Qarabağ məsələsi”nin dirildilməsi ilə yox, guya, xalqın üzləşdiyi problemlərin həlli ilə məşğul olmaqda görür.
Maskalanmaq cəhdlərinə baxmayaraq erməni cəmiyyətində Koçaryanın faşist ideologiyasına və cinayətkar obrazına qarşı sərt müqavimət davam etməkdədir. Bu müqaviməti həlledici gücə çevirmək üçünsə Paşinyan hökümətinin əlində Koçaryana qarşı lazımi anda açıqlana biləcək kifayət qədər cinayət faktları var. Belə bir şəraitdə Koçaryanın siyasi hakimiyyətə yiyələnərək törətdiyi cinayətlərin izlərini silmək cəhdləri iflasa məhkumdur.
Koçaryan böhranlı vəziyyətdən istifadə edərək qaranlıq keçmişini sıfırlamaq cəhdində tək deyil. Etnik təmizləmə, Xocalı soyqırımı kimi insanlığa qarşı ağır cinayətlərdə onunla çiyin-çiyinə addımlamış Serj Sarkisyan da, əslində, özünün baiskarı olduğu 10 min erməni hərbçisinin qanı üzərində siyasi reabilitasiya qazanmağa çalışır. Uzun sürən susqunluqdan sonra sükutu pozmağa qərar vermiş Sarkisyan da öz xalqının çıxılmaz vəziyyətindən yararlanaraq növbəti dəfə erməni cəmiyyətini aldatmağa çalışır.
Sarkisyanın riyakarlığı onun müsahibəsində tam çılpaqlığı ilə görünür. Sən demə, 2018-ci ildə Sarqsyan ona görə baş nazir olmaq istəyirmiş ki, “Qarabağ məsələsi kimi çətin bir məsələnin həlli məsuliyyətini öz üzərinə götürsün və bunu gələcək nəsillərə saxlamasın”. Sarkisyanın ağ yalanına görə, guya, imzalanmaq üçün hansısa sənədlər də hazırlanıbmış. Köstəbək Sarkisyanın özü haqqında “fədakar” obrazı yaratmaq cəhdi erməni riyakarlığının ən bariz nümunəsidir və bu cəhd erməni mətbuatı tərəfindən dərhal ifşa olundu.
Bütün müxalif güclərin hazırki hakimiyyətə qarşı yönəlməsinə baxmayaraq, məqsədlərin müxtəlifliyi də nəzərdən qaçmır. Müxalifət revanşizmi ilə saxta birlik nümayiş etdirən Koçaryan və Sarkisyan cütlüyünün revanşizmi, əslində, müharibənin nəticələrinə qarşı deyil, məhz Paşinyan hakimiyyətinə qarşı yönəlib. Onların məqsədi heç də müharibənin nəticələrin aradan qaldırmaq yox, cinayət araşdırmalarına qarşı öz şəxsi təhlüksizliklərini təmin etməkdən ibarətdir.
Paşinyan hökuməti öz növbəsində tədricən müharibə şokundan ayılmağa başlayır. 10 Noyabr Bəyanatından uzaqlaşan hər gün laxlamış Paşinyan hökumətinin mövqeyini bir qədər möhkəmləndirir. Müharibə mövzusunu qapadaraq yenidən islahatlar haqqında anonslar verən hökümət üzvləri getdikcə “köhnə qvardiya”ya qarşı daha inamlı müqavimət göstərirlər. Beynəlxalq təmaslarda üçtərəfli Bəyanatın müddəalarına sadiqliyini təkrarlamaqdan başqa, çarəsi qalmayan baş nazir daxili siyasətində xalqı islahatlar yolunun doğruluğuna inandırmağa çalışır və hətta regional əməkdaşlığa hazırlıq haqqında mesajlar da verməyə başlayır.
Hələlik vahid blokda çıxış edən Ermənistan müxalifəti isə
20 fevralda keçirdiyi növbəti mitinqdə də istəyinə nail ola bilmədi. Müxalifət liderlərinin verdikləri açıqlamaların əksinə olaraq, bu, Paşinyan hökümətinə qarşı son və həlledici həmlə ola bilmədi. Ermənistanda siyasi mübarizənin bugünkü mənzərəsi isə onu göstərdi ki, bu mitinq müxalifətin özü üçün də son və həlledici cəhd kimi yozula bilər. Bu cəhdin uğursuz aqibəti erməni revanşistlərini siyasət səhnəsindən uzaqlaşdıracaqmı? Ermənistan cəmiyyəti isə onları uçuruma aparmış şüarların ardınca getmək istəmir.
Siyasətdə “pat” vəziyyəti
Paşinyan hakimiyyətini devirmək üçün Ermənistan müxalifətçilərinin 10 noyabr tarixindən etibarən göstərdiyi çoxsaylı cəhdlər uğur gətirmədi. “Vətənin xilası naminə hərəkat”da birləşmiş 17 siyasi partiyanın liderləri Paşinyanı devirmək üçün siyasi mübarizənin bütün üsullarına əl atsalar da 3 ay ərzində xalqın dəstəyini ala bilmədilər. Vəziyyəti düzgün dəyərləndirən baş nazir Paşinyan müxalifətə növbədənkənar seçkilərin keçirilməsini təklif etdi. Seçici dəstəyinə ümidlərini itirmiş müxaliflər isə bu təklifdən imtina edərək dəstəyi ölkədən kənarda axtarmağa başladılar.
Öz tərəfdarlarının mitinqlərindəkı çıxışlarda və mətbuata verdikləri müsahibələrində erməni müxalifət liderləri “Rusiyaya loyallıq”ları haqqında Kremlə mesajlar göndərməyə başladılar. Kremlin bu eyhamlara reaksiya verməməsini isə belə başa düşmək lazımdır: 44 günlük müharibədən sonra Ermənistan qolları bağlı vəziyyətdə həmişəkindən daha çox Rusiyanın əlindədir. Ona görə də Rusiya üçün indi Ermənistanda kimin hakimiyyətdə olmasının elə də fərqi yoxdur.
Hər yerdən əli üzülən müxalifət, nəhayət, ölkənin yüksək rütbəli hərbçilərini təxribata çəkməyə nail oldular. Paşinyanın özü tərəfindən 8 ay öncə Baş Qərargah rəisi təyin olunmuş və cəmi 4 ay əvvəl general-polkovnik rütbəsi ilə mükafatlandırılmış Onik Qasparyan öz müavininin işdən azad olunması haqqında Paşinyanın əmrinə etiraz olaraq baş nazirə istefa ultimatumu göndərdi. Qasparyanın bu addımı xəyanət əməlinin ermənilərin təbii xisləti olduğunu bir daha təsdiq etdi.
Xalqı Azadlıq meydanına dəvət edib ölkədə “hərbi çevrilişə cəhd” haqqında bəyanat səsləndirən baş nazir nəinki öz əmrini geri götürdü, üstəlik, ultimatum verən Onik Qasparyanın özünü də vəzifəsindən azad etmək haqqında əmr imzaladı. Onik Qasparyan isə öz növbəsində baş naziri istefaya məcbur etmək inadında israrlı olduğunu bildirir. Müxalifət hərəkatının rəhbəri Vazgen Manukyan fasiləsiz mitinqlərə çağırdı və azsaylı müxalifət tərəfdarları gecəni hökumət evinin qarşısında çadırlarda keçirdilər.
Təxribatdan maksimum yararlanmağa çalışan müxaliflər, xüsusilə də keçmiş cinayətlərinə görə istintaq altında olan və hər an həbs olunmaq təhlükəsi ilə yaşayan “Qarabağ klanı”nın rəhbərləri də dərhal hərəkətə keçdilər. Paşinyandan başqa istənilən adamın hakimiyyətə gəlməsini özlərinin cinayət məsuliyyətindən yaxa qurtarması üçün fürsət kimi dəyərləndirən müharibə caniləri – Robert Koçaryan və Serj Sarkisyan da yaranmış vəziyyətdən yararlanaraq xalqı Paşinyanı devirməyə çağırdılar.
Keçən günlər ərzində dünyanın bütün siyasi mərkəzləri Ermənistanda baş verən hadisələrə münasibət bildirdilər. BMT Baş Katibliyi, Rusiya, Avropa İttifaqı və ABŞ Ermənistandakı qanuni hakimiyyəti dəstəklədiklərini bəyan edərək müxalifəti hüquqi müstəvidən kənara çıxmamağa çağırdılar.
Göründüyü kimi, hadisələr hələlik gərginliyin artmasına doğru gedir. Siyasi gedişlərin ardıcıllığını erməni xislətinə xas olan əlamətlər prizmasından dəyərləndirsək, Ermənistanın siyasi həyatında xəyanətkarlıqla hiyləgərliyin üz-üzə gəldiyini görürük. Xain Qasparyanın siyasi gedişi hiyləgər Paşinyanın müqavimətinə rast gələrək “pat” vəziyyəti yaradıb. Hələlik bu vəziyyətdən çıxış yolunu sadələşdirmək prezident Armen Sarkisyanın əlindədir.
Sarkisyan isə real hakimiyyəti öz əlinə keçirmək haqqında düşünür. Bu da erməni xislətinin “bulanıq suda balıq tutmaq sevdası”nın göstəricisidir. Sarkisyanın düşüncələrini düzgün oxumağı bacaran Paşinyan isə daha bir bəyanat verərək bildirdi ki, əgər prezident bu əmri imzalamasa, o özü də hərbi dövlət çevrilişinin iştirakçısı hesab ediləcək. Beləliklə, Paşinyanın gedişləri hələlik inamlı və təsirlidir.
Əlbəttə, Baş Qərargah rəisinin əmrə tabe olaraq vəzifədən getməsi vəziyyəti sadələşdirə bilər. Lakin bu addım bir tərəfdən, onun qorxaqlığını göstərəcək və ölkənin siyasi səhnəsindən birdəfəlik silinməsinə gətirib çıxaracaq, digər tərəfdən isə bu addımı ilə Qasparyan yenicə tərəfinə keçdiyi müxalifətin son ümidlərini də birdəfəlik dəfn etmiş olacaq. Qasparyan könüllü olaraq vəzifəsindən getməkdən imtina edəcəyi halda isə ölkədə vətəndaş müharibəsi qaçılmaz olacaq.
Bu gün Ermənistanda vəziyyət bu qədər mürəkkəbdir. Səbəbi isə bu günlə bağlı deyil. Erməni xalqının başına gələn bu fəlakətlərin səbəblərini 100 il ərzində onların şüurlu surətdə öz beyinlərinə doldurduğu miflərin təsiri altında əxz etdikləri və inandıqları “böyüklük” və “qədimlik” sindromunda və bu sindromdan doğan əsassız iddialarında axtarmaq lazımdır.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru