Ermənistan məkrli niyyətindən əl çəkmir

“Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir”.

Bunu  açıqlamasında  Milli Məclisin  deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, son iki gündə mina terroru nəticəsində dörd nəfər mülki vətəndaşımız yaralanıb:

“Ümumilikdə isə 44 günlük Vətən müharibəsindən bu günədək 350 soydaşımız minadan zərər çəkib. Müharibə bitsə də Ermənistan ölkəmizə qarşı apardığı mina terroru davam edir və işğal dövründə torpaqlarımızda basdırdıqları minalar insanların sağlamlığına təhlükə yaradır. Təəssüf ki, 30 il ərzində olduğu kimi bu gün də Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalır və dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərilmir. Mina terroru ilə mülki soydaşlarımıza qarşı yönəlmiş erməni vəhşiliyidir”.

Deputat vurğulayıb ki, son günlər işğaldan azad olunmuş ərazilərdə mülki şəxslərin və xidməti vəzifələrini yerinə yetirən şəxslərin mina qurbanına çevrilməsi Ermənistanın terrorçu ölke olduğunu bir daha sübut edir:

“Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törədib. Ermənilərin xalqımıza qarşı törətdiyi hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Ermənistan minalanmış ərazilərin dəqiq xəritəsini verməkdən imtina edir. Onun ölkəmizə verdiyi xəritələrin dəqiqliyi isə cəmi 25 faizdir. Erməni hökumətinin minalanmış ərazilərin dəqiq xəritəsini verməkdən imtina etməsi bir daha terrorizmin Ermənistanda dövlət səviyyəsində dəstəkləndiyini sübut edir.

Bu gün Azərbaycan bütün gücü ilə bölgədə sülhə və təhlükəsizliyə nail olmağa çalışır. Dəfələrlə Azərbaycan Ermənistana sülh əlini uzadıb. Amma Ermənistan məkrli niyyətindən əl çəkmək istəmir. Müxtəlif yollarla regionda vəziyyəti gərginləşdirməyə çalışır. Ermənistan rəhbərliyi bilməlidir ki, dinc əhaliyə qarşı törətdikləri bütün cinayətlərə görə cavab verəcəklər”.