“Ermənistan Qərbin əlində oyuncaqdır, istədiyi zaman işə salır”. Deputat

“Qərbin Azərbaycana təzyiqlərinin arxasında qərəz, ikili standartlar dayanır. ABŞ, Fransa və digər Avropa ölkələri Ermənistanı bəhanə gətirib regionu təsir altına salmağa çalışırlar. Burada Rusiyanın regiondan uzaqlaşdırmaq planı da var. Amma bu, bir o qədər də asan olmayacaq. Çünki Rusiyanın Ermənistanda mövcudluğu uzun illərə dayanır, bu ölkənin bütün müəssisələri, xidmət sahələri, o cümlədən dövlət olaraq təhlükəsizliyi Moskvanın əlindədir. Bir sözlə, MDB, KTMT və Aİİ üzvü olan Ermənistanın özünə yeni sahib axtarması, Moskvanın rəhbərlik etdiyi qurumlardan çıxması qeyri-mümkündür. Qərb dairələri də sakit durmurlar, asanlıqla yola gələn, əvvəlki bağlarından imtina etməkdə çətinlik çəkməyən Ermənistana bundan sonra arxa duracaqlarını bəyan edərək onu oyuna gətirirlər. Ermənistan Qərbin əlində oyuncaqdır, istədiyi zaman işə salır”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

 

A.Hüseynov qeyd edib ki, ABŞ-ın rəhbərlik etdiyi Qərb düşərgəsinin Azərbaycanı hədəfə almasının səbəbləri var: “Zəngin Avropa bazarına sahiblənmək Vaşinqtonun əzəli arzusu idi. Rusiyanın Avropa ilə münasibətlərini, ticari əlaqələrini minimum endirən ABŞ onun yerini doldurmağa çalışıb və maraqlıdır ki, bunu bacarıb. Rusiyadan 6,1 milyard dollar dəyərində maye qazı gizli yolla idxal edən Avropa ölkələri də ABŞ-ın hegemonluğundan bir o qədər də razı deyillər. ABŞ-ın Cənubi Qafqaza nüfuz etmək cəhdləri də sülhməramlı deyil, hadisələrin gedişatı gərginliyin artan istiqamətdə getdiyindən xəbər verir. Qərb Orta Dəhlizə gələcəkdə nəzarət etməsi üçün potensial rəqiblərinə qarşı önləyici həmlələr edir, hətta regional ölkələri də təhdid altında saxlamağa və nəhayət istəyinə çatmaq istəyir. Qarşıda Ermənistanla Azərbaycan arasında vasitəçilərsiz görüşün olma ehtimalı var. Azərbaycanın irəli sürdüyü format reallaşma ərəfəsində olduğu bir vaxtda ABŞ-ın və onun avropalı dostlarının narahatlıqları sezilir. ABŞ Dövlət Departamentinin “Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərlə danışması bizi ruhlandırır. Bununla biz bütün regionun faydalanması üçün real fürsət görürük. Məsələn Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə keçə bilsə, bu, həmin ticarət yolu üzərindəki bütün ölkələr üçün əhəmiyyətli təkan olardı”, deməsi çox süni alınıb. Bu, həm də onu göstərir ki, Qərbin regional siyasətə təsir imkanları azaldıqca münasibətlərində də yumşalma hiss olunur”.