Ermənistan rəhbərliyinin vəhşiliyi sərhəd tanımır-Xarici səfirlər

Cəbrayılın müharibədən nə qədər əziyyət çəkdiyini görürük.

Cəbrayılın müharibədən nə qədər əziyyət çəkdiyini görürük - Britaniya səfiri

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp diplomatik korpus nümayəndələrinin Cəbrayıl şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib:

“Azərbaycanın müharibə sonra bərpa etdiyi ərazilərə ilk səfərimdir və buradakı vəziyyətlə tanış oluram”.

Böyük Britaniyanın şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə cəlb olunması ilə bağlı sualı cavablandıran səfir bildirib ki, bu istiqamətdə imkanlar araşdırmalıdır.

Səfir hesab edir ki, burada kənd təsərrüfatı, bərpa olunan enerjinin və günəş enerjisinin inkişafı üçün imkanlar var. O bildirib ki, ilk növbədə bu ərazilərin minalardan təmizlənməsi vacibdir ki, insanların buraya qayıtması üçün şərait yaransın: “Hesab edirəm ki, bu müəyyən zaman alacaq”.

****

İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq.

İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq - Türkiyəli səfir

Bunu diplomatik missiyanın tərkibində Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə gördükləri mənzərə ibrət götürülməli vəziyyətdir:

“Cəbrayılın da digər azad edilmiş ərazilərdən fərqi yoxdur. Burada biz dağıntıların, mədəniyyət abidələrinin dağıdılmasının, hətta məzarların qarət olunmasının şahidi olduq. Qəbirlərin açılıb, sümüklərin ətrafa dağıdıldığını görürük. Bütün bunlar insanlıqdan kənardır və vəhşilikdir. Bunların hesabı mütləq sorulmalıdır”.

****

Bu gün buraya gələrək Cəbrayılda bu səhnələri görmək doğrudan da ağrılıdır.

Bunu Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic diplomatik korpus nümayəndələrinin Cəbrayılda ermənilər tərəfindən törədilmiş dağıntılarla tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, bu vəziyyət 30 il bundan əvvəlki Xorvatiyanı xatırladır: “Burada bəzi səhnələr daha da ağrılıdır. Xüsusilə qəbristanlığın tamamilə dağıdılmasını görmək kifayət qədər ağrılı bir səhnədir. Bu kimi hallar bizə onu göstərir ki, bu cür hadisələr, münaqişələr baş verməməlidir və bir daha bu cür mənzərələri yaşamamalıyıq”.