“Ermənistan tərəfinin hazırda apardığı təxribat mülki əhalinin ərazini boşaldılmasına istiqamətləndirilib”

“Hazırda bütün dünya Covid 19 pandemiyasının yayılmasına qarşı mübarizə aparır, bu mübarizə də ölkəmizdə ən çox dəstək verən dövlətlərdən biridir və Dünya Səhiyyə Təşkilatı ölkəmizin atdıqları addımları müsbət dəyərləndirir və xəstəliyə qarşı mübarizədə aparılan səyləri nümunə olaraq digər ölkələrə göstərir.Lakin, belə bir çətin vəziyyətdə Ermənistan dövləti iyulun 12-dən etibarən ölkəmizin sərhədlərində təxribatlar törətməyə başladı. Həmin gündən etibarən cəbhənin Tovuz rayonu istiqamətində həyata keçirməyə başladığı öz təxribatçı fəaliyyətini hazırda da davam edir”.

XALQ.AZ xəbər verir ki,bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.Adil Əliyev qeyd edib ki,Ermənistan tərəfinin bu dəfə ki, hücumu tarixin analogiyasına baxsaq 1992-ci ildə olan hücumla eyniyyət təşkil edir. Yenə, ağır artilleriya silahlarından istifadə etməklə dinc əhalinin yaşadığı ərazilərə mütəmadi olaraq hücumlar təşkil edilir, bu hücumların nəticəsində bu günə qədər 11 hərbi qulluqçu və 1 mülki vətəndaş şəhid olmuşdur. Təəssüf hissi ilə qeyd edim ki, qeyd olunan hücumlar pandemiyaya qarşı aparılan mübarizəni daha da çətinləşdirir:

“Hazırda Ermənistan rəhbərliyinin diqtəsi ilə Azərbaycan sərhədində həyata keçirilən təxribat zamanı vəfat edən hərbiçilərlə yanaşı, mülki əhalidə ağır artilleriya silahlarının hədəfindədir. Belə ki,  Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğlu evinə düşən ağır artilleriya mərmisinin partlaması nəticəsində vəfat etmişdir. Bununla da mərhum vətəndaşın İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş, yaşamaq hüququ Ermənistan dövləti tərəfindən pozulmuşdur. Qeyd etmək zəruridir ki, bu Ermənistan tərəfindən ilk hal deyil, təkcə müharibə dövründə yox eyni zamanda atəşkəs dövründə də müxtəlif vaxtlarda Azərbaycan ərazisində olan ayrı-ayrı mülki şəxslərə qarşı silah işlətmiş, 2017-ci ildə işlədilən döyüş silahı zamanı Fizuli rayonu ərazisində yaşayan 2 yaşlı uşaq Zəhra Quliyeva nənəsi ilə birlikdə öldürülmüşdür.Həmçinin, Ermənistan tərəfinin hazırda ölkəmizin sərhədlərində törətdiyi təxribat nəticəsində mülki əhalinin yaşadığı evlər silahlı hücumlara məruz qalır, bunun əsas səbəbi isə yerli əhalidə vahimə yaratmaq və onları yaşadıqları yerlərdən uzaqlaşdırılmaq istəyidir. Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı silah işlədilməsi 1992-ci ildən başlamışdır, həmin ildən etibarən Azərbaycana məxsus olan torpaqlar işğal edilmiş, nəticədə 1 milyondan çox məcburi köçkün öz ata-baba torpaqlarını tərk etməyə məcbur qalmışlar. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya əlavə edilmiş 4 saylı protokolun 2-ci bəndinə əsasən hər kəsin ölkə ərazisində sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək hüququ var. Lakin, Ermənistan tərəfinin hazırda apardığı təxribat mülki əhalinin ərazini boşaldılmasına istiqamətləndirilib. Bu səbəbdən də, müxtəlif ağır artilleriya qurğuları vətəndaşların yaşadıqları evləri hədəf götürür, nəticədə ölən və yaralananlar olur.Ermənistanın Azərbaycana olan hücumları ilə əlaqədar Birləşmiş Millət Təşkilatı tərəfindən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edilmişdir. Həmin qətnamələrdə birbaşa olaraq Ermənistan tərəfinin Azərbaycana məxsus olan əraziləri işğal etməsi, Azərbaycan ərazisində qırğınlar törətməsi, nəticədə minlərlə insanın öldürülməsi, əsir götürülməsi və bir milyondan yuxarı şəxsin qaçqın düşməsini təsdiq etmişdir. Hansı ki, Ermənistan tərəfinin hazırda həyata keçirdiyi bu qəsdlər beynəlxalq hüququn hamılıqla qəbul edilmiş “ius cogens” normalarının ən kobud şəkildə pozulmasıdır. Azəbaycan torpaqlarının işğal olmasına, ərazisində qırğınlar törədilməsinə baxmayaraq beynəlxalq hüququn müddəalarını əsas götürür, güclü ordusunun olmasına baxmayaraq ölkəmiz münaqişənin dinc yolla həll edilməsinin tərəfindədir. Lakin, Ermənistan öz işğalçı və təcavüzcü siyasətindən bir addımda geri durmur, əksinə Ermənistan hakimiyyəti təxribatları törətməyi davam etdirir. Bugün biz Ermənistan tərəfinin həyata keçirdiyi təxribatçı missiyaya dünyanın ədalətli qiymət verməsini tələb edirik”.