Ermənistan torpaqlarımızda əsl vandalizm törədib

Qırx dörd günlük Vətən müharibəsi tariximizin qürur səhifəsidir. Azərbaycan xalqı bu müharibənin başlandığı 27 sentyabr tarixində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad etdi, Anım Günü respublikamızın bütün guşələrində qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində qeyd etdiyi kimi, Qələbəni bizə bəxş edən qəhrəman şəhidlərimiz, əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.


Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.


Deputat bildirib ki, torpaqlarımızın işğalı dövründə Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Azərbaycan xalqının işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun torpaqlarımızın geri qaytarılacağını qətiyyətlə bəyan edirdi. Dövlətimizin başçısı prinsipial və düşünülmüş siyasət yürüdərək ötən 18 ildə ölkəmizi gücləndirdi, onun beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəltdi. Eyni zamanda müasir, güclü ordu yaradılması istiqamətində sistemli tədbirlər həyata keçirildi. Bütün bunlar tarixi Qələbəmizə zəmin yaratdı. Tarixi Qələbəmiz təkcə torpaqların azad edilməsi deyil, ilk növbədə məğlub xalq sindromundan qurtulma, milli ləyaqətimizin bərpa olunması, müzəffər xalq, qalib dövlət deməkdir.
Deputatın sözlərinə görə, 30 illik işğal dövründə Ermənistan torpaqlarımızda əsl vandalizm törədib. Ermənistan işğal etdiyi torpaqlarımızda hər şeyi məhv edib. Bütün yaşayış məntəqələri, tarixi, mədəni, dini abidələr məhv edilib, təbiətə ciddi ziyan vurulub, təbii sərvətlərimiz talanıb və digər cinayətlərə yol verilib. 44 günlük Vətən müharibəsində də təcavüzkar ölkə öz xislətinə uyğun davranıb. Belə ki, bu dövrdə də hərbi, insanlıq əleyhinə cinayətlər törədilib, mülki əhali və yaşayış məntəqələri hədəfə alınıb, şəhər və kəndlərimiz qadağan olunmuş silahlardan atəşə tutulub. Bütün bunlar erməni faşizminin göstəriciləridir. Azərbaycan isə müharibə dövründə yalnız hərbi hədəfləri məhv edirdi.
S.Fətəliyeva qeyd edib ki, dövlətimizin başçısının dediyi kimi “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Heç bir qüvvə problemi yenidən bərpa etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək iqtidarında deyil. 44 günlük müharibədə Azərbaycanın qələbəsi erməni faşizmi üzərində qələbə idi. Bu gün hələ də Ermənistanda revanşist düşüncədə olanlar var. “Ermənistanda hakimiyyət dəyişikliyinə baxmayaraq, bu cəmiyyətin xisləti dəyişməyib. Ermənistanda azərbaycanofobiya, islamofobiya hələ də tüğyan edir. Bu ölkədə azərbaycanlılara qarşı olan nifrət rəsmi ideologiyaya çevrilib. Amma bu kimi hallar ermənilərə yaxşı heç nə vəd etmir. Erməni faşizminin təzahürləri, revanşizm meyilləri, qonşu xalqlara nifrət, ilk növbədə Ermənistanın özü üçün təhlükəlidir. Bu amillər Ermənistanı bir dövlət kimi məhvə sürükləyir. Bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar. Azərbaycan bundan sonra da Ermənistanın hər bir təxribatına layiqli cavab verəcək. Onlar dəmir yumruğu unutmamalıdırlar”, – deyə komitə sədrinin müavini vurğulayıb.