“Ermənistan və onun havadarlarının siyasi oyunlarının arxasında xüsusi məqsədlər dayanır” – Deputat

Qərb dövlətlərinin rəsmiləri yenə də öz xislətini və təşəbbüskeşliyini göstərməyə başlayıb. 

Dünyada hüquqi bərabərlik, ədalət və insan hüquqlarının önəmliyindən ağızdolusu danışan ABŞ və Avropa İslam dininin təhqir olunmasına, bu dinə ibadət edən insanların alçaldılmasına, müsəlman xalqlarının üzləşdiyi zülmlərə və qığınlara bilərəkdən göz yumur, onların ağır problemlərini və dərdlərini eşitmək belə istəmirlər. Elə bil onların baxışında insan hüquqları yalnız xristian dininə mənsub olan xalqlara məxsusdur.

Qərbin təcavüzkar Ermənistanın “dərdinə yanması” buna bariz nümunədir. Təəssüfedici haldır ki, Qərb rəsmiləri hər zaman insan hüquqları çətiri altında, daha doğrusu bunu bəhanə edərək, təcavüzkar Ermənistanın, erməni separatçılarının və radikal erməni millətçilərinin maraqlarına xidmət etməyə daha çox üstünlük verirlər. Qərbdə təcavüzkarı qurban, qurbanı təcavüzkar kimi təqdim etmək, müsəlmanların ibadət evlərinin məqsədyönlü şəkildə murdarlandığı və dağıldığı halda erməni kilsələrinin dərdinə yanmaq siyasi riyakarlıq və məddahlıqdan başqa bir şey deyil.

Birinci Qarabağ müharibəsi zamanı Naxçıvanın Ermənistan tərəfindən blokadaya alınması, blokada şəraitində yerli sakinlərin aclıq və qidasızlıqdan əziyyət çəkməsi, Qarabağda xalqımıza qarşı etnik təmizləmə və soyqırım, o cümlədən son otuz il işğal ərzində xalqımıza məxsus yaşayış məskənlərinin, tarixi abidələrin, mədəniyyət evlərinin və dini ibadətgahların məhv edilməsi heç vaxt Qərbin marağında olmayıb, bundan sonra da olmayacaq.

İndi də Laçın yolu məsələsini ortalığa atıblar. Erməni tərəfinin məsələ ilə bağlı dezinformasiyasını təbliğ edən Qərb dairələri hay-küy salıb ki, guya Azərbaycan Qarabağda erməni xalqına qarşı etnik təmizləmə aparır, guya humanitar yardımların qarşısını almaqla bölgədə erməniləri aclıqdan məhv etmək niyyəti güdür. Bəzi avropalı və amerikalı rəsmilərinin bəyanatları Qərbin bu riyakarlığını aydın şəkildə sübut edir. Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayindəsi Cozef Borrell Azərbaycandan Laçın yolunun açılmasını tələb edir.

“Laçın dəhlizi boyunca təhlükəsizliyə və hərəkət azadlığına tezliklə təminat vermək və böhranın daha da genişlənməsinə imkan verməmək Azərbaycanın vəzifəsidir”, – deyə Borrell bildirib.

ABŞ konqresmeni Frank Pallone Azərbaycana sanksiyalar tətbiq etməyə çağırıb:

” Beynəlxalq ictimaiyyət dərhal buna reaksiya verməli və Azərbaycana sanksiyalar tətbiq edilməlidir”. 

Fransa Milli Assambleyasının üzvü Patrik Kalm Azərbaycana qarşı adekvat addımların atılmasını vacib hesab edib:

” Beynəlxalq ictimaiyyətin susması cinayətdir. Azərbaycana qarşı adekvat addımlar atılmalıdır”. 

Avropa Parlamentinin üzvü Çarli Veymers Aİ-nı Azərbaycana Qarabağa “humanitar” yardım göndərməsinə icazə vermək üçün təzyiq göstərməyə çağırıb.

Gördüyümüz kimi, Ermənistanın və erməni lobbisinin dezinformasiyasının girovuna çevrilən, lobbidən külli miqdarda maliyyə alan Qərb dairələri Azərbaycanın bölgədəki erməni sakinlər üçün yaratdığı münasib şəraiti görmək istəmirlər.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov   qeyd edib ki, Ermənistan və onun havadarlarının siyasi oyunlarının arxasında xüsusi məqsədlər dayanır:

“Bu gün narahatlıq hissi ilə qeyd edirik ki, deyəsən, dünya dəli olub. Dünyanı idarə edən böyük və güclü təsir imkanlarına malik olan dövlətlər dünyada sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizliyin keşiyində dayanan dövlətlər hesab olunurlar. Lakin bu dövlətlər qlobal sülh və təhlükəsizliyin təmin edilməsindən daha çox öz geosiyasi və geostrateji maraqlarına xidmət etməyə üstünlük verirlər.

Buna görə də kiçik dövlətlər bir araya gəlib komissiya yaratmalı və bu komissiya çərvəsində dünyanın təhlükəsizliyinə öz töhfələrini verməlidirlər. Hazırki reallıq fonunda dünyada beynəlxalq hüquqa zidd olan istənilən hadisə baş verə bilər. Böyük dövlətlərin, xüsusilə Qərbin ikiyüzlü və riyakar siyasət yürütdüyü diqqətdən yayınmır. Otuz il ərzində Azərbaycan Ermənistanın təcavüzkarlığına məruz qalıb. Bildiyimiz kimi, Ermənistanın ölkəmizin ərazisinə təcavüzü nəticəsində Naxçıvan tam blokada vəziyyətinə düşmüşdü. Həmin zaman Qərbdən bir səs də belə gəlməyib. Bu gün Ermənistan üçün göz yaşları axıdan Qərb həmin dövrdə Naxçıvandakı dinc sakinlərin aclıqdan əziyyət çəkməməsi üçün zərrə qədər heç bir addım atmayıb, blokadanın aradan qalxması üçün Ermənistana heç bir təzyiq etməyib.

Gözləri kor, qulaqları kar olmuşdu. Bundan əlavə, Birinci Qarabağ müharibəsində erməni işğalçıları öz doğma torpaqlarımızda xalqımıza qarşı etnik təmizləmə apardılar, soyqırım törətdilər, bir çox hərbi cinayətlərə imza atdılar. Bütün bunlar müasir və çağdaş dünyanın göz qarşısında baş verib. Lakin Laçındakı son hadisədən sonra Qərbin gözləri də görməyə, qulaqları da eşitməyə başlayıb.

Ermənistan tərəfindən yayılan dezinformasiyaları, səhnələşdirilən siyasi tamaşaları təbliğ edirlər. Bunun da əsas səbəbi birbaşa Laçındakı nəzarət-keçid buraxılış məntəqəsinin aradan qaldırılması ilə əlaqələdir. Çünki Azərbaycanın dövlət rəhbərliyi həmin ərazidə belə bir məntəqənin əsasını qoymaqla erməni tərəfinin bütün çirkin planlarının üstündən xətt çəkib. Artıq Ermənistandan rus sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərimizə silahların, minaların və hərbi qüvvənin daşınması qeyri-mümkündür.

İndi də erməni tərəfi və onların havadarları hay-küy salıblar ki, guya Qarabağda “humanitar fəlakət” yaşanır, guya Azərbaycan orada yaşayan erməni sakinlərə qarşı “humanitar terror” həyata keçirir. Halbuki Azərbaycan öz erməni əsilli vətəndaşlarının humanitar yardımla təmin edilməsi üçün öz ərazisindən keçən Ağdam-Xankəndi yolunu təklif edib. Azərbaycan beynəlxalq ictimaiyyətə səslənib ki, BQXK-nin humanitar yükləri bu yol vasitəsi ilə Xankəndiyə daşınsın. Ancaq erməni tərəfi bunu qəbul etmək istəmir. Çünki onlar öz məkrli niyyətlərini həyata keçirmək istəyirlər”. 

Deputatın fikrincə, İrəvan Laçındakı nəzarət-keçid məntəqəsinin ləğvini istəyir:

“Ondan sonra Ermənistandan Qarabağa qanunsuz şəkildə silah-sursat daşınsın, bunun ardınca yeni münaqişə ocağı yaratmaqla Azərbaycan üzərində beynəlxalq təzyiqlərin artmasına nail olsunlar. Təəssüf ki, Ermənistan və erməni millətçiləri öz çirkin oyunlarına ABŞ və Avropanın müəyyən dairlərlərini də cəlb edə biliblər.

Aİ-nın yüksək rəsmisi Cozef Borrell erməni kimi danışır, sanki ermənidən daha çox erməni olmağa çalışır. Bəlkə, Borrell və onun tipində olan şəxslər özlərini Emmanuel Makrona bənzəmək istəyirlər, onun siyasətini yamsılamağa çalışırlar. Vay, bu dünyanın halına ki, hər hansı ölkənin rəhbəri özünü Makrona bənzətməyə çalışsın. Çox təhlükəli tendesiyalar müşahidə olunmaqdadır. Ədalət qalıb bir kənarda, nahaq ayaqüstü yeriyir. Bu, acı bir reallıqdır”. 

Deputat onu da vurğulayıb ki, heç bir dövlət Azərbaycanla ultimatum dilində danışa bilməz:

“Azərbaycan qüdrətli bir dövlətdir, Azərbaycanın güclü bir lideri var. Ölkəmizdə heç bir zaman olmadığı halda xalq – hakimiyyət birliyi mövcuddur. Dövlət rəhbərimiz xalqının milli manefiyinə uyğun siyasət yürüdür, hər vəchlə ölkəmizin təhlükəsizliyini təmin edir. Bütün bu reallıqlar ölkəmizə və xalqımıza olan hücumların qarşısını alır. Azərbaycana qarşı təsir mexanizmlərinin heç bir nəticəsi olmayacaq. Azərbaycan hərbi-siyasi və iqtisadi cəhətdən daha da möhkəmlənəcək”.