Ermənistan Vaqif Xaçaturyan üçün AİHM-ə müraciət edib

Ermənistan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edərək, Qarabağda saxlanılan Vaqif Xaçaturyan ilə əlaqədar Azərbaycana qarşı müvəqqəti tədbirlər görülməsini tələb edib. Bu barədə ölkənin beynəlxalq hüquq məsələləri üzrə nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

“Vaqif Xaçatryanın hüquqlarının müdafiəsi ilə bağlı AİHM-ə Azərbaycana qarşı müvəqqəti tədbirlərin görülməsi tələbi ilə bəyanat təqdim edilib”, – məlumatda deyilir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin deputatı Elman Nəsirov deyir ki, Ermənistanın Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət etməsi heç bir nəticə verməyəcək.
“Ermənistanın son zamanlar təxribatlarının intensivliyi artır. Azərbaycanı Laçındakı sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı hər zaman ittiham edən Ermənistan indi də onu yeni müstəviyə keçirib. Sözün həqiqi mənasında beynəlxalq ictimaiyyətin gözünə yeritməklə məşğul olur. Azərbaycanı beynəlxalq aləmdə nüfuzuna xələl gətirəcək addımların miqyasıni daha da genişləndirir. İndi isə müharibə canisi Vaqif Xaçaturyanın saxlanılması ilə bağlı Avropa məhkəməsinə müraciət edib. 30 ilə yaxın Azərbaycan xalqına qarşı bəşəri cinayətlərə imza atmış  şəxslərdən biridir. Belə bir cinayətkara Avropa məhkəməsi nə qərar çıxara bilər ki? Əgər Avropa məhkəməsi doğrudan da haqqın, ədalətin tərəfdarıdırsa, ilk növbədə Ermənistanın Azərbaycana vətəndaşlarına qarşı cinayətlərlə bağlı araşdırma aparsın. Ermənistanın bundan öncə də müraciətləri çox olub. İndiki halda müraciət heç bir halda nəticə verməyəcək. Düşünürəm ki, Avropa məhkəməsi yolu azaraq, itkin düşən iki hərbiçimizlə bağlı düzgün qərar qəbul etsin. Ancaq təssüf ki, biz bunu görmürük”,- deputat vurğulayıb.
Beynəlxalq şərhçi Əziz Əlibəylinin fikrincə, Ermənistanın beynəlxalq hüquq məhkəməsinə müraciət etməsi absurddur.
“Avropa məhkəməsinə Ermənistan və Azərbaycan tərəfindən bu günə qədər bir neçə müraciət daxil olub. Vaqif Xaçaturyanın saxlanılması ilə bağlı Ermənistanın iddia etdiyi kimi adi mülki vətəndaş deyil. Çünki onun müharibədə iştirakçıliğı və cinayət törətməsi faktı var. Bura da konkret şahidlər, videolar, şəkillər var. Bu baxımdandan da beynəlxalq hüquqa müraciət etmək absurddur.  Bu şəxs Azərbaycanın suveren ərazisində ələ keçirilmiş cinayətkardı. Yəni Avropa İnsan Haqları Məhkəməsi bunu hansı formada araşdıra bilər?”,- şərhçi əlavə edib.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə Vaqif  Xaçaturyan 1991-ci il dekabrın 22-də Xocavəndin Meşəli kəndində baş vermiş hadisələrlə bağlı 2013-cü ildə açılmış cinayət işi çərçivəsində saxlanılıb. İstintaqın məlumatına görə, o zaman Xankəndindəki avto nəqliyyat müəssisələrindən birində sürücü işləyən Xaçatryan bu kəndə silahlı basqın edən erməni birləşmələrinin tərkibində olub, nəticədə 25 azərbaycanlı öldürülüb, 358 nəfər qanuni yaşayış yerindən zorla çıxarılıb. 2013-cü ilin dekabrında Azərbaycan məhkəməsi Xaçatryanın həbsi barədə qərar çıxarıb, eyni zamanda o, beynəlxalq axtarışa verilib.