“Ermənistanda revanşizm dalğası çox güclüdür” – Elman Nəsirov

“Bütün çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir”. 

Bu sözləri Prezident İlham Əliyev iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündəki çıxışı zamanı deyib. Dövlət başçısı yenidənqurma işlərinin planlı şəkildə davam etdiyini vurğulayıb.

Qeyd edək ki, torpaqlarımızın işğal altında qaldığı 30 ilə yaxın müddət ərzində Ermənistan öz vandallığını nümayiş etdirib. İşğal olunan ərazilərimizdəki evlər dağıdılıb və təbiət məhv edilib. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdikdən sonra ora həyat yenidən qayıtdı.

Qısa müddət ərzində şəhərlərimiz, rayonlarımız və kəndlərimizdə sürətli bərpa işləri həyata keçirildi. Bu işlər indi də uğurla davam etməkdədir. Qarabağda və Şərqi Zəngəzurda ermənilərin vəhşicəsinə dağıtdığı ərazilərdə sıfırdan yenidənqurma işləri aparılır. Böyük Qayıdış üçün möhkəm təməl hazırlanır.

Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Bakıda keçirilən Nazirlər iclasında çox mühüm strateji əhəmiyyətli tezislərlə çıxış etdi:

“Onların içərisində birinin üzərində xüsusi olaraq dayanmaq istəyirəm. Cənab Prezident vurğuladı ki, biz işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazinin sıfırdan irimiqyasda bərpası və yenidənqurulması işlərini uğurla həyata keçiririk. Həqiqətən də belədir. Nə qədər ki, torpaqlarımız işğal altında idi dövlətimizin başçısı ölkəmizin strateji əhəmiyyətli bir nömrəli vəzifəsi kimi topraqların düşmənin işğalından azad edilməsini hədəf seçmişdi.

Tarixi zəfər nəticəsində buna nail olduqdan sonra növbəti strateji vəzifələr müəyyən edilib. Bunların sırasının da əsas mərkəzi elementi Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işləri ilə bağlı məsələlərdir. Bunun özü də ölkəmizin potensialının bir göstəricisidir. Bunun üçün də Azərbaycan öz daxili imkanları hesabına Qarabağ və Şərqi Zəngəzuru bir tikinti meydançasına çevirib.

Hər kəs Şuşada olarkən bunu hiss edir ki, şəhərdə sanki “həyat qaynayır”. Çünki hər yerdə tikinti və quruculuq işləri gedir. Eyni zamanda, işğaldan azad olunmuş digər bölgələrimizdə də oxşar proseslər getməkdədir”. 

Millət vəkili diqqətə çatdırıb ki, bunun üçün dövlətimizin maliyyə imkanları da var:

“Belə ki, 2023-cü ilin büdcəsinə eyni məqsəd üçün təxminən 3 milyard manat vəsait ayrılıb. Amma bir neçə müddət bundan öncə 2023-cü ilin büdcəsinə yenidən baxış zamanı Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidənqurulması işlərinə daha 2 milyard 260 milyon manat vəsait ayrıldı.

Yəni 2023-cü ilin büdcəsində 5 milyard 260 milyon manat vəsait ayrılıb ki, bu proses reallaşsın. Bunlar çox böyük rəqəmlərdir. Bunu da ancaq güclü iqtisadiyyatı olan dövlətlər edə bilərlər”. 

Elman Nəsirov vurğulayıb ki, Prezident İlham Əliyev həm də ordu quruculuğu məsələlərini prioritet istiqamət kimi müəyyən edib:

“Bu, işğaldan əvvəl də belə idi, işğal prosesi başa çatdıqdan sonra da belədir. Çünki Ermənistanda revanşizm dalğası çox güclüdür. Bu dəfə büdcəyə baxarkən daha 1 milyard 106 milyon manat əlavə vəsait hərbi müdafiəmizin gücləndirilməsi məqsədinə ayrıldı.

Gördüyünüz kimi, paralel iki proses gedir. Həm ordunun daha da gücləndirilməsi, həm də ordunun işğaldan azad etdiyi ərazilərin bərpası və yenidənqurulması istiqamətində çox ciddi uğurlar əldə edilib. Azərbaycan ən müasir silah-sursatları alır və bu proses də davam etməkdədir. Bu da Ermənistan üçün çox ciddi siqnaldır. Onlar, ağıllarını başlarına yığmalı və sülh müqaviləsini imzalamalıdırlar.

Həmçinin, hərbi təxribatlarına da son qoymalıdırlar. Əks təqdirdə, proseslər onların heç arzulamadığı ssenari üzrə inkişaf edə bilər. Bu isə Ermənistan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər. Nə qədər ki, gec deyil Azərbaycanın irəli sürdüyü təkliflər çərçivəsində sülh müqaviləsi imzalansınlar”.