Ermənistanın Azərbaycan ordusuna meydan oxuması sadəcə gülüncdür.

“Ermənistan Azərbaycanla sərhəddə hərbi insident yaratmaqla Rusiyanın özünün təhlükəsizliyinə təminat vermədiyini sübut etmək istəyir”.

 

Bunu açıqlamasında Ermənistanın təxribat xarakterli addımlarının mümkün müharibə ehtimalına nə qədər təsir etdiyini şərh edən Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşündə Azərbaycanla Ermənistanın sülhə heç vaxt görülmədiyi qədər yaxın olduğunu demişdi.

“Çünki iki ölkə arasında intensiv görüşlər sayəsində əldə olunan razılaşmalar belə bir mühitin formalaşmasına zəmin yaratmışdı. Ancaq sonradan Ermənistanın qulağına pis təkliflər pıçıldanmağa başlandı. Əgər İrəvan bu pıçıltılara qulaq asmasa idi bəlkə də çoxdan sülh müqaviləsi imzalanardı”, – deputat bildirib.

 

E.Nəsirov xatırladıb ki, 5 aprel Ermənistanın ABŞ və Aİ nümayəndələri ilə keçiriləcək görüşü ərəfəsində ABŞ dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyev ilə telefon danışığı baş tutdu. “İlham Əliyev Ermənistanın silahlandırıldığı, ona hərbi təlimlərin keçildiyi, Azərbaycanla şərti sərhəddə hərbi infrastruktur qurulduğu, hərbi məqsədli yardımların ayrıldığı ilə bağlı qarşı tərəfi məlumatlandırsa da Azərbaycan-Ermənistan münasibətlərinin görüşün predmeti olmayacağı söyləndi.

 

1939-cu il avqust 23-ü SSRİ və Almaniya arasında Molotov-Ribbentrop paktı imzalandı. Bu, hücum etməməklə bağlı 10 illik müqavilə idi. Ancaq üzərindən 50 il keçdikdən sonra maraqlı faktlar üzə çıxdı. Yəni həmin paktın məxfi protokolu mövcud olub. Belə ki, Almaniyanın Polşaya hücumuna SSRİ, SSRİ-nin Baltikyanı və digər ərazilərə hücumuna isə Almaniya göz yumacaqdı. Brüssel görüşü də məxfi olduğundan kim təminat verə bilər ki, belə bir razılaşma yoxdur? Sözdə bu kimi faktların mövcud olmadığı deyilsə də, bizi söz yox, əməl maraqlandırır”, – deyə o əlavə edib.

 

Deputatın sözlərinə görə, xüsusilə Brüssel görüşündən sonra Ermənistanın Azərbaycanla sərhəddə atəşkəsi pozması halı intensivləşib:

“Buna səbəb isə birmənalı olaraq, Ermənistanın ABŞ və Aİ tərəfindən cəsarətləndirilməsidir. Nəticədə isə müharibə ehtimalı real məzmuna çevrilə bilər.

 

Məntiqlə yanaşdıqda Ermənistan müharibə riskindən uzaq qalmalıdır. Çünki məğlub Ermənistan ordusunun 4 ilə daha da güclənən Azərbaycan ordusuna meydan oxuması sadəcə gülüncdür. El dilində desək, hətta buna bişmiş toyuğun da gülməyi gələr.

 

Ermənistan Azərbaycanla sərhəddə hərbi insident yaratmaqla Rusiyanın özünün təhlükəsizliyinə təminat vermədiyini sübut etmək istəyir. Belə olan təqdirdə isə Rusiya hərbi bazasının ləğvi ilə ABŞ hərbi qüvvələrinin Ermənistana gətirilməsinə çalışır. Sakit mühitdə isə belə ideyaların reallaşması əmsalı sıfıra bərabər olur. Bu məqsədlə Ermənistan hərbi-siyasi rəhbərliyi son zamanlar təxribat hoqqabazlıqları ilə məşğuldur”.