“Ermənistanın cəhdlərinin heç bir mənası olmayacaq” – Elman Nəsirov

“Ermənistan və onun hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı B planını işə salıb. Planın mahiyyəti budur ki, Qarabağda yaşayan ermənilərə ən yüksək “muxtariyyət” statusu əldə etmək, bundan sonra isə beynəlxalq müstəvidə muxtariyyətin mövcudluğunu təmin etmək. Yəni Qarabağda Azərbaycanın suverenliyini tam məhdudlaşdırmaq, beynəlxalq təşkilatların nəzarəti altında muxtariyyətin fəaliyyətini təmin etmək. Əsas niyyətləri budur və baş tutması üçün Qarabağda yaşayan ermənilərin miskin gündə, ac-susuz olmaları, humanitar böhran yaşamaları, qazsız-işıqsız olmaları, gündəlik tələbat mallarına ehtiyaclarının ödənilməməsi, aclıq keçirmələri kimlik məsələləri qabardırlar. Bu dezinformasiyanı hazırlamaq və yaymaq, beynəlxalq ictimaiyyətə çatdırmaq əsas hədəfləridir. Çünki bunu etdikdə günahkar Azərbaycan göstərilir. Belə olan vəziyyətdə heç bir etimad mühitindən söhbət gedə bilmir. Nəticədə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası baş tutmur. Bu istiqamətdə həm diplomatik cəbhədə, həm də hərbi müstəvidə təxribatlara imza atırlar”.

Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat əlavə edib ki, heç bir humanitar böhran yoxdur,  Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin humanitar məsələləri ilə bağlı yaranmış istənilən probleminə hazırdır: “Azərbaycan bu məqsədlə alternativ Ağdam-Xankəndi yolunu təqdim edib. Nəzərə alsaq ki, iyulun 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan siyasi liderləri razılığa gəlmişdilər ki, Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin daşınması reallaşdırılsın. Ermənistan bundan da imtina etdi, qondarma məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxardı. Orada da məğlubiyyətə düçar oldu. İndi də Laçın yolu boyunda humanitar böhran yaranması və guya Xankəndindəki ermənilərin ac-susuz qalmaları kimi iftiraları yenə də BMT-yə çıxarmaq istəyirlər. Bu dəfə isə müəllif Fransa olacaq. Anti-azərbaycan qətnamənin qəbuluna çalışırlar. Paralel şəkildə isə Ermənistan-Azərbaycan şərti sərhədində hərbi təxribatlara imza atırlar. Ermənistanın B planının baş tutması qeyri-mümkündür. Cənab Prezident İlham Əliyevin bu məsələlərlə bağlı çox qətiyyətli, dəyişməz, prinsipial mövqeyi var – heç bir “status”dan söhbət gedə bilməz. Kimlər ki bunu tələb edirlər, xüsusilə Fransanın timsalında, gedib Marseldə yaşayan 120 mindən çox ermənini bu statusla təmin etsinlər. Azərbaycan Fransada ermənilərə verilmiş “muxtariyyət statusu”nu tanımağa hazırdır. Ermənistanın cəhdlərinin heç bir mənası olmayacaq. Çünki bizim işimiz haqq işidir. Güclüyük və ədalətin keşiyindəyik”.