Evi dağılmış 3 ailə mənzillə təmin olunub

Ev

Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.

ANS TV-nin məlumatına görə, partlayış binanın ikinci mərtəbəsində baş verib. Nəticədə bir blokunun 3 mərtəbəsi, 3-cü mərtəbədən başlayaraq 2-ci və 1-ci mərtəbəyə qədər bütün panelləri dağılıb. Binada yaşayan sakinlər isə dağıntılar altında qalıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupları və xüsusi təlim görmüş itləri cəlb olunub.

Dağıntılar altından iki nəfərin meyiti çıxarılıb.

Bunlar bacı-qardaş İfayət və Məharət Abbasovlardır. Həmin ailədən dağıtnı altında qalan 8 yaşlı Aydan dünyasını dəyişən Məharət Abbasovun qızıdır.

Hadisənin binanın ikinci mərtəbələsində Vidadi İsmayılova məxsus mənzildə qaz sızmasından baş verdiyi bildirilir. Evdə olan bir ailənin 5 üzvü yanıq və digər xəsarətlər alıb. Həmin evin sakinləri Vidadi İsmayılovla bərabər həyat yoldaşı Mətanət və uşaqları Aygün, Yunis və Bəkir xəsarət alıblar. Ev sahibinin vəziyyəti isə ağırdır, onun bədəninin 90 %-inin yandığı deyilir. Ümumən 1 və 3-cü mərtəbədə partlayış vaxtı 6-sı uşaq, 4-ü kişi, 5-i qadın olmaqla 15 nəfər olub.

Fövqəlada hallar naziri Kəmaləddin Heydərov partlayış baş verən əraziyə baş çəkib. Binada partlayışın təsirindən iri çatlar yarandığından tikilidə dayanıqlığı saxlamaq üçün əlavə vasitələrdən istifadə olunub.

Fövqəlada hallar nazirinin müavini Etibar Mirzəyev binanın sökülməsini istina etməyib. Qaçqınkom evi dağılmış Qubadlıdan olan 3 köçkün ailəsini yaşayış yeri ilə təmin edib.

Səhiyyə Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlama deyilir ki, xəsarət alan 8 nəfər müvafiq olaraq Sumqayıtda və Bakıda xəstəxanalara yerləşdiriliblər, onların səhhətləri nəzarət altındadır.

Ən son məlumatlara görə, axtarış xilasetmə işləri davam edir. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin açıqladığı kimi təhlükəli şəraitdə aparılan əməliyyatlar sonuncu uşaq tapılana qədər davam edəcək.