Evinin qarşısından yığışdırılmayan zibilləri Abşeron RİH-in qarşısına tökdü…

Xırdalanda vətəndaş kirayə qaldığı evinin qarşısında zibillər təmizlənmədiyi üçün Abşeron Rayon İcra Hakimiyyətinin binasının qarşısında insident törədib.
Hadisə bir neçə gün əvvəl baş verib.
1980-cı ildə Bakı şəhərində anadan olmuş Araz (şərti) Xırdalan şəhərində Məmməd Araz küçəsində kirayə evdə yaşayır və uzun müddətdir yaşadığı evdə kommunal xidmətlərlə bağlı problemlər yaranıb. O bildirib ki, İcra Hakimiyyətinin işçiləri tərəfindən evinin qabağından zibillər yığışdırılmır, bununla yanaşı daimi olaraq işığın, qazın və ya suyun verilməsində məhdudiyyətlər olur.
Bu vəziyyətə əsəbləri dözmədiyindən etiraz əlaməti olaraq evinin qabağındakı zibil və çınqıl daşları yığaraq idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə Abşeron Rayon İcra Hakimiyyətinin binasına yaxınalşıb, gətirdiyi zibil və daşları binanın qabağına töküb.
Hadisə zamanı o emosional olduğundan İcra Hakimiyyətinin ünvanına nalayiq ifadələr işlədib.
Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinən həmin şəxs 10 gün müddətinə inzibati qaydada həbs olunub.