Fərid Şahbazlı: “Bu iki ölkəni tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələri birləşdirir”

Türkiyədə keçirilən Prezident seçkiləri, təbii ki, qardaş Azərbaycan xalqı və ictimaiyyəti tərəfindən böyük diqqət və maraqla izlənilirdi. Çünki hər kəsə bəllidir ki, dünyada Azərbaycan-Türkiyə münasibətlərinin bənzəri yoxdur. Bu münasibətlər dünyada gördüyümüz və alışdığımız siyasi, iqtisadi, hərbi, geostrateji və digər maraqlarla ölçülə bilən əlaqələr deyil. Bu, qan və gendən, etnogenez və etnik tarixi birlikdən irəli gələn münasibətlərdir. Təsadüfi deyil ki, iki qardaş ölkə arasındakı bu münasibətlər tarixin bir çox ağır və məsuliyyətli sınaqlarından üzüağ çıxıb. Bu iki ölkəni tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələri birləşdirir.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib. 

O qeyd edib ki, təkcə regionda deyil, bütün dünyada mühüm siyasi və iqtisadi aktora çevrilən Türkiyədə seçkilərin nəticələri qlobal müstəvidə də ciddi siyasi hadisədir: “Gərgin siyasi rəqabətə və dünyanın bir sıra güc mərkəzlərinin bütün əngəllərinə baxmayaraq, Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçiləcəyi proqnozlaşdırılan idi. Çünki Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük uğurlar əldə edərək, beynəlxalq münasibətlər sistemində ciddi mövqeyə sahib olub. Bundan başqa, Türkiyənin artıq bütün dünyanın ehtiyac duyduğu və etiraf etdiyi müdafiə sənayesi, avtomobil istehsalı sahəsində əldə etdiyi böyük nailiyyətlər də məhz Ərdoğanın adı ilə bağlıdır. Məhz Ərdoğanın hakimiyyəti dövründə Türkiyə həm də təhsil iqtisadiyyatı, səhiyyə turizmi sahəsində dünyanın ən cəlbedici ölkələrindən birinə çevrilib. Şübhəsiz ki, əldə edilmiş bu və digər ciddi uğurlar Türkiyə vətəndaşlarının seçkidə Ərdoğanı dəstəkləməsinə təsir edən əsas amillər oldu”.

Fərid Şahbazlı bildirib ki, Rəcəb Tayyib Ərdoğanın Prezident seçilməsi ilə qazanan yalnız Türkiyə olmadı. Bu qələbə ilə qazanan həm də Azərbaycan, Türk dünyası və İslam coğrafiyası olub: “Ərdoğanın liderlik etdiyi Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycana böyük siyasi və mənəvi dəstəyi bu gün də xalqımız tərəfindən böyük ehtiramla qarşılanır. Azərbaycan Prezidenti İlham Əliyevlə Ərdoğanın yüksək səviyyəli dostluq münasibətləri iki qardaş ölkə arasındakı əlaqələrə böyük töhfələr verir. 

Ümumiyyətlə, Ərdoğan dünya səviyyəli siyasi lider kimi Türk dünyasının birləşməsi ideyasına, dünyada təhdid və haqsızlıqla üzləşən dövlətlərin problemlərinə böyük həssaslıq və prinsipiallıqla yanaşdığı üçün onun qələbəsi dünyanın bütün Türk-İslam coğrafiyasında böyük sevinclə qarşılanıb”.

 

Siyasi şərhçi vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən siyasi liderin Azərbaycan Prezidenti İlham Əliyevin olması və Ərdoğanın bunu xalqa müraciətində böyük fərəhlə açıqlaması ölkələrimiz arasındakı münasibətlərin hansı səviyyədə olmasının parlaq bir nümunəsidir: “Hələ seçkinin yekun nəticələri açıqlanmadan dövlətimizin başçısı qardaş ölkənin Prezidentini təbrik etməklə yanaşı, Azərbaycana dəvət edib. Ərdoğanın Prezident seçildikdən sonra ilk xarici səfərini Azərbaycana etməsi artıq bir dövlət ənənəsi halına gəlib. Hesab edirəm ki, Ərdoğanın növbəti dəfə Prezident seçilməsi ilə başlayan “Türkiyə əsri”ndə Azərbaycan-Türkiyə münasibətləri də keyfiyyətcə yeni və daha da məsuliyyətli bir mərhələyə qədəm qoyacaq. Bu dostluq və qardaşlıq əlaqələri əbədi olaraq hər iki ölkənin inkişafına böyük töhfə verəcək”.