Fəzail İbrahimli: “Azərbaycan bölgədə sülhün, sabitliyin təminatçısıdır”

“Zəngəzur dəhlizinin açılması Ermənistanda hər gün dərinləşən iqtisadi böhranın qarısını ala biləcək”.

“İrəvanın bölgədə sülhün yaranması istiqamətində atdığı addımlar bir çox suallar yaradır. Münaqişənin həllində imzalanan sənədlərin icraçısı tərəfi Ermənistandır. Gəlin görək Ermənistan tərəfi imzalanmış sənədlərin müddəalarını icra etmək istəyirmi? Paşinyanın bunları icra etmək üçün istəyi varmı? Çoxsaylı suallar yaranır”.

Bunu açıqlamasında Milli Məclisin Sədr müavini Fəzail İbrahimli Ermənistan-Azərbaycan münaqişəsinin həllində yaranmış son durumu şərh edərkən deyib.

Onun fikrincə, Paşinyan ola bilsin ki, bu problemin həllini istəyər: “Bunu bu gün Ermənistanda ağlı olan hər kəs başa düşür ki, məsələ həllini tapmalıdır. Çünki Ermənistandakı iqtisadi durum ölkəni faciəyə sürükləyir. Vəziyyətdən çıxış yolu isə Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizinin reallaşmasıdır. Bu dəhliz Ermənistan üçün üzləşdiyi sosial-iqtisadi böhrandan çıxmaq üçün bir nəfəslik olacaq. Zəngəzur dəhlizinin açılması Ermənistanda hər gün dərinləşən iqtisadi böhranın qarısını ala biləcək. Düzdür, Paşinyan böhrandan çıxmaq və hakimiyyətini möhkəmləndirmək üçün nəsə etməyə çalışır. Amma Zəngəzur dəhlizinin açılmasına razılıq verə biləcəkmi? Bax problem bundadır. Ona görə ki, Paşinyan bu gün Ermənistanda hakim mövqeyi çox zəifdir. Ona qarşı ciddi əks-siyasi qüvvələr mövcuddur. Qərbyönümlü Paşinyan Avropa ilə Rusiya arasında qalaraq, bir əlində iki qarpızı olan misalı xatırladır. Çünki Rusiya bölgədə mövqeyini qoruyub saxlamaq üçün bir yandan İrəvana təzyiq edir, digər tərəfdən isə keçmiş hərbi-cinayətkar hakim qüvvə olan və 30 il ərzində Ermənistanı rəzil gününə salan “Qarabağ” mafiyasından öz məqsədləri üçün Paşinyana qarşı təzyiq vasitəsi kimi istifadə edir. Necə deyərlər dovşana qaç, tazıya tut deyir. İkibaşlı oyun oynanılır”. 

Deputatın sözlərinə görə, Ermənistandakı yeni qərbyönümülü qüvvələr var ki, onlar fəaliyyətini Rusiyaya nifrət üstündə qurublar: “Bütün məsələlərdə Rusiyanı günahkar hesab edirlər.

Bundan əlavə isə daha ciddi qüvvə isə hər zaman öz məkrli siyasəti və planları ilə seçilən kilsədir.  Məhz kilsə insanları qızışdırıb, dini təfriqə yaratmaqla proseslərə təsir edir. Bax belə bir çətin siyasi situasiya qarşısında qalan Paşinyan hansı addımı atacağını bilmir və çətinlik çəkir. Amma  bütün bunlara baxmayaraq Paşinyan həm Ermənistanın üzləşdiyi çətin durumdan xilas etmək, həm də bölgədə sülhün, sabitliyin yaranması məqsədi ilə dəhlizin açılması, sərhədlərin müəyyənləşməsi istiqamətində konkret addımlar atmalıdır”.