Fəzail İbrahimli:”Azərbaycanın dünya dövlət siyasətində sözü, fikri, qəti mövqeyi var”

“Müasir Azərbaycanın banisi, dünya siyasətində öz dəsti-xətti olan Heydər Əliyev məhz dövlətin gələcəyinin etibarlı əllərdə olmasını düşünərək İlham Əliyevi yetişdirib”.

XALQ.AZ xəbər verir ki, bunu  İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclasında spikerin müavini Fəzail İbrahimli bildirib.

“Bu gün Azərbaycan dünya dövlət siyasətinin boy sırasında nəinki uca görünən, sözü, fikri, qəti mövqeyi olan ölkəmiz var. İlham Əliyev o zaman üçün bataqlıqda olan dövlətimizi bu gün dünyanın ən yüksək səviyyəsinə qaldıra bilib.  20 illik tarixin zirvəsi Vətən müharibəsindəki qələbə, tacı isə antiterror tədbirləri oldu. Tarixdə tərcümeyi-halımızın ən şərəfli səhifəsini düşmən üzərində qələbəni yazdıq. Bu gün Fransanın qarnına sancı dolub, min oyundan çıxır. İlham Əliyev diplomatik fəaliyyəti ilə tək erməni üzərində deyil, müxtəlif güclər üzərində qələbə çaldıq. Biz dünya erməniçiliyinə qalib gəldik. İlham Əliyev ata-babalarımızın, eləcə də bizim uzun illər yaşadığımız acıları övladlarımıza ötərmədi. Bunu obrazlı desək, dəfn etməkdə olduğumuz böyük Ermənistan ideologiyasının tabutuna sonuncu mismarı vurduq. Bax, əsil həqiqət budur. Prezidentin bütün çıxışlarının sonunda dediyi “Qarabağ Azərbaycandır!” ifadəsinin arxasında əslində ciddi mesaj dayanır – “Alın ha, yana-yana qalın ha. Bu Azərbaycandır, mən də onun prezidenti”,- deyə o bildirib.