Fatma Yıldırım: “Azərbaycan bölgədə sülhü, təhlükəsizliyi və əməkdaşlığı təmin edir”

“Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr postmüharibə dövründə Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməkdə davam etdiyi təsdiqləyir. Azərbaycanın səyləri regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Dövlətimizin mövqeyi bundan ibarətdir ki, sülh razılaşması üzərində iş aparılmalı və düşmənçiliyə son qoyulmalıdır”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Yeni reallıqlar bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsini nəzərdə tutur. Bu baxımdan, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi böyük önəm kəsb edir.


Millət vəkilinin sözlərinə görə, Zəngəzur dəhlizi regionun simasını dəyişdirəcək layihədir: “Bu dəhlizlə bağlı kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Azərbaycanın Prezidenti İlham Əliyev, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Bu səbəbdən bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında bildirdi ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır: “Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik”. Bütövlükdə, regional nəqliyyat əlaqələrinin inteqrasiyası dövlətlər üçün yeni imkanlar qazandıracaq. Zəngəzur dəhlizi təkcə Naxçıvan Muxtar Respublikasına çıxış əldə etmək deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Ermənistan həm də Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir”.

Fatma Yıldırım qeyd edib ki, Avropa İttifaqının postmünaqişə dövrü ilə bağlı təşəbbüsləri təqdirəlayiqdir. Çünki Avropa İttifaqı sərhədlərin müəyyənləşdirilməsi, regional iqtisadi əlaqələrin yaradılması və s. təkliflərlə çıxış edir: “Erməni tərəfi tez-tez ATƏT-in Minsk qrupunu prosesə cəlb etmək üçün fikirlər səsləndirir. Amma faktdır ki, Minsk qrupunun həmsədrləri 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticəni hasil etməyib. əgır prosesdə iştirak etmək istəyirsə, ATƏT-in Minsk qrupu yeni geosiyasi reallığa uyğun təklifləri hazırlamalıdır. Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu təşəbbüslər göstərə bilər. Digər tərəfdən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində partlamamış minaların mövcudluğu ən problemli məsələlərdəndir. Mülki vətəndaşlarımız minalardan əziyyət çəkir və bu günə qədər 200-ə yaxın insan mina partlaması nəticəsində həlak olub və ya yaralanıb. Bu xüsusda Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Azərbaycana mina probleminin aradan qaldırılması üçün texniki və maliyyə yardımının göstərilməsi vacibdir. Bu istqiamətdə bəzi dövlətlər və təşkilatlar öz dəstəyini verir. Amma hesab edirəm ki, bu ərazilərdə bərpa və quruculuq işlərini daha sürətli aparmaq üçün verilən dəstək daha böyük olmalıdır”.

Fatma Yıldırım

Milli Məclisin deputatı