Fatma Yıldırım: “Azərbaycanla İtaliya arasında əlaqələr yüksələn xətlə inkişaf edir”

Təsadüfi deyil ki, Azərbaycanın Avropa İttifaqı ölkələri arasında əsas iqtisadi-ticarət tərəfdaşı İtaliyadır. Münasibətlərimizdə həmçinin siyasi, humanitar və mədəni sahələr də xüsusi yer tutur”.

Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan – İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım deyib.


Deputat bildirib ki, bu gün Azərbaycan və İtaliya arasında mövcud olan dostluq və strateji əməkdaşlıq əlaqələri yüksək səviyyədədir və bu əlaqələr daha da inkişaf edir. 17-19 mart tarixlərində Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyətinin İtaliyaya səfəri zamanı keçirilən faydalı görüşlər, müzakirələr əlaqələrimizin inkişafına öz töhfələrini verəcək. Bu səfər həmçinin parlamentlərarası əlaqələrin də dinamik inkişafının ifadəsidir. Təsadüfi deyil ki, səfər zamanı keçirilən görüşlərdə və aparılan danışıqlarda Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq ruhu daşıdığı bəyan edilib. Bu sahədə iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. İtaliya Prezidenti cənab Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana rəsmi səfəri, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı mühüm sənədlər bunu sübut edir. Eləcə də, ikitərəfli münasibətlərin inkişafında Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolu vardır. TAP layihəsinin reallaşması isə iki ölkə arasında enerji sahəsində əlaqələrinin yüksək səviyyəsinin göstəricisidir.
Milli Məclis nümayəndə heyətinin səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi başa çatdıqdan sonra da Ermənistanın qeyri-konstruktiv mövqe tutduğu, minalanmış ərazilərin xəritələrini təqdim etmədiyi, münaqişə bitdikdən sonra Qarabağda saxlanılan terrorçuları “hərbi əsirlər” kimi təqdim etməyə çalışdığı İtaliya rəsmilərinin diqqətinə çatdırılıb.
Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı İtaliya Azərbaycanın yanında olub, bu ölkənin parlament qrupu Azərbaycana səfər edib. İtaliya Senatının və Deputatlar Palatasının iki nümayəndə heyəti Azərbaycanda səfərdə olublar. Onlar erməni işğalçılarının Gəncədə, Ağdamda törətdikləri dağıntıları öz gözləri ilə müşahidə ediblər. Senatorlar Gəncə şəhərinin Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri, Ağdam rayonunda işğalın fəsadları ilə yerində tanış olub, öz fikirlərini bölüşüblər.
“Azərbaycan müharibə dövründə dost ölkələrin respublikamızın yanında olmalarını yüksək dəyərləndirir. Dövlətimizin başçısı İlham Əliyev bəyan edib ki, müharibə dövründə Azərbaycana dəstək verən, dost ölkələr işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə cəlb olunacaqlar. Artıq İtaliya dost ölkə olaraq Qarabağda quruculuq işlərində iştirak edir. Azərbaycanla İtaliya arasındakı siyasi dialoqun yüksək səviyyədə olduğu üçün, iki ölkə arasında iqtisadi-ticarət əlaqələri də daim yüksələn xətlə inkişaf edir.
Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Bununla da işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət – İtaliya da qoşulub. İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərində iştirak etməsi məmnunluq doğurur”, -deyən deputatın fikrincə, bütövlükdə Milli Məclisin nümayəndə heyətinin bu ölkəyə səfəri Azərbaycan-İtaliya döstluq və strateji əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.