Fikrət Məmmədov görüş keçirdi

Ölkəmizdə İslam və ərəb dünyası ilə ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilir, Səudiyyə Ərəbistanı Krallığı ilə müxtəlif, o cümlədən hüquqi sahədə səmərəli əməkdaşlıq edilir, bu ölkənin hüquqşünaslarından ibarət geniş nümayəndə heyətləri Azərbaycana səfərlər edib, məhkəmə-hüquq islahatlarımıza və müsbət təcrübəmizə maraq göstərilib, həmçinin Krallığın ədliyyə naziri müavininin ötən il respublikamıza səfəri zamanı iki nazirlik arasında əməkdaşlıq haqqında hazırlanmış Anlaşma Memorandumunun layihəsi razılaşdırılıb.

 XALQ.AZ xəbər verir ki, həmin sənədin imzalanması məqsədilə Səudiyyə Ərəbistanı Krallığı ədliyyə nazirinin dəvətinə əsasən Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev və Ədliyyə Nazirliyinin məsul şəxslərindən ibarət nümayəndə heyəti bu günlərdə Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.

Səfər zamani İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan nümayəndə heyətini qəbul edib.

Azərbaycanla əməkdaşlığın inkişafının Səudiyyə Ərəbistanı üçün prioritet olduğunu bildirən Kral, hökumətlərarası komissiyanın səmərəli fəaliyyətini məmnuniyyətlə qeyd edib, bu səfərin ikitərəfli əlaqələrin dərinləşdirilməsinə töhfə verəcəyini, habelə ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiyini vurğulayaraq, regionda sülhün bərqərar olmasında maraqlı olduğunu bildirib.

Ədliyyə naziri F.Məmmədov yüksək diqqətə görə minnətdarlığını bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinməktubunu və salamlarını çatdırıb, iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafını qeyd edərək, ədliyyə orqanları arasında da əlaqələrin genişləndirildiyini, habelə ölkəmizdə Krallığın zəngin tarixi və qədim mədəniyyətinə böyük maraq göstərildiyini vurğulayıb.

Kral Salman bin Əbdüləziz Al Səud Azərbaycanın dövlət başçısına salamlarına görə təşəkkür edib, özünün də səmimi salamlarını ölkəmizin Prezidentinə çatdırmağı xahiş edib.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri ilə görüş keçirilərək ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun siyasi iradəsi vurğulanıb, qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunub, hər iki dövlətin ədliyyə və məhkəmə sistemləri, Məhkəmə-Hüquq şuralarının fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Səudiyyə Ərəbistanının ədliyyə naziri Şeyx Dr. Valid bin Muhammad Al-Samaani respublikamızın sürətli tərəqqisi barədə məlumatlı olduğunu bildirib, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatlarına və tətbiq olunan innovasiyalara, xüsusilə “Elektron məhkəmə” və “Elektron notariat” informasiya sistemlərinin fəaliyyətinə, vətəndaşlara səyyar və məsafədən notariat xidmətlərinin göstərilməsinə, yenicə işlənilmiş mobil notariat proqramının tətbiqinə böyük maraq göstərərək təqdir edib, bu sahədə ölkəmizin təcrübəsi ilə tanış olmaq barədə niyyətini ifadə edib.

Sonra nazirliklər arasında ədliyyə və məhkəmə sistemlərinin müasirləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, elektron ədliyyə, elektron məhkəmə, ədliyyə işçilərinin və hakimlərin tədrisi və digər sahələrdə birgə tədbirlərin keçirilməsini nəzərdə tutan əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Nazirlər bu mühüm sənədin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolunu qeyd edərək, müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin genişlənəcəyinə əminliklərini bildirib, bu sahədə konkret tədbirlər barədə razılığa gəliblər.

Həmçinin nümayəndə heyətimiz Səudiyyə Ərəbistanı Ali Məhkəməsinin sədri və Baş Prokuroru ilə görüşüb, ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, elektron məhkəmənin tətbiqi, hakimlərin seçimi və tədrisi müzakirə edilib, ikitərəfli əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərilib, təcrübə mübadiləsi aparılıb.

Eyni zamanda, Səudiyyə Ərəbistanının ən böyük məhkəmələrindən olan, 70-ə yaxın hakimin çalışdığı Ər-Riyad Cəza Məhkəməsinə baş çəkilərək onun fəaliyyəti ilə tanış olunub, nümayəndə heyətimiz üçün məhkəmədə elektron texnologiyaların tətbiqinə dair təqdimat keçirilib.

Eyni zamanda, Səudiyyə Ərəbistanının bölgələrinə səfər edilərək yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə tanış olunub.

Keçirilən bütün görüşlərdə Səudiyyə Ərəbistanı rəhbərliyinin tapşırığına əsasən respublikamızla əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi və müsbət təcrübələrin bölüşülməsi ilə bağlı niyyət ifadə olunub, habelə son illər Azərbaycana səfər edən ərəb turistlərinin sayının artmasının ölkəmizə olan böyük marağın təzahürü olduğu vurğulanıb. Nümayəndə heyətimiz tərəfindən müasir ədliyyə fəaliyyətinə, məhkəmə-hüquq islahatlarına və tətbiq olunan yeniliklərə, habelə Azərbaycanda Səudiyyə Ərəbistanının tarixi və mədəniyyətindən bəhs edən elmi tədqiqatlara dair xüsusi broşürlər təqdim edilib.

Həmçinin həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilib, Səudiyyə Ərəbistanı Krallığının münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini daim dəstəkləməsi təqdir olunub.

Tədbirlərdə ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev iştirak edib.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.