Forumun Şuşada keçirilməsi tarix və mədəniyyətimizin təbliği baxımından əhəmiyyətlidir

“Heydər Əliyev İli” və Azərbaycan Milli Mətbuatının yaranmasının 148 illiyi çərçivəsində Şuşada keçirilən Qlobal Media Forumu mətbuat işçilərinə xüsusi diqqət və qayğının nümayişi olmaqla yanaşı, dünyada və regionda baş verən proseslərə ölkəmizin başçısı tərəfindən münasibət bildirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, Qlobal Media Forumunun Şuşada keçirilməsi təsadüfi deyil. Qafqazın konservatoriyası sayılan Şuşa Azərbaycanla yanaşı, türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Şuşa sadəcə mədəniyyət beşiyi deyil, o, həmçinin Azərbaycanın tarixi Zəfərinin təntənəsinə, simvoluna çevrilib. Bu baxımdan Qlobal Media Forumunun Şuşada keçirilməsi Azərbaycanın tarixinin, mədəniyyətinin, eləcə də şanlı Zəfərinin və genişmiqyaslı bərpa-quruculuq işlərinin dünyada təbliğ olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri  Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Bildirib ki, forumda 49 ölkədən 150- xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin 60 yerli media qurumunun rəhbəri və nümayəndəsi iştirak edib. Azərbaycanın şanlı Zəfərinin zirvəsi olan Şuşa artıq beynəlxalq tədbirlərin keçirildiyi, mühüm siyasi diskussiyaların aparıldığı mədəniyyət mərkəzinə çevrilib. Əlbəttə, bu, hər bir azərbaycanlı üçün olduqca qürurvericidir.

Deputat vurğulayıb ki, sual-cavab formatında keçirilən forumda Prezident dünyada və regionda baş verən siyasi proseslərlə əlaqədar media nümayəndələrini maraqlandıran sualları cavablandırmaqla yanaşı, bir çox mühüm məsələlərdə ölkəmizin konkret mövqeyini də nümayiş etdirib. Dövlətimizin başçısı, xüsusilə, Ermənistan- Azərbaycan münasibətlərində normallaşma prosesi ilə əlaqədar olaraq, Ermənistanın atmalı olduğu addımları bir daha vurğulayıb. Prezident, Ermənistanın sülh sazişi imzalamaqdan başqa yolu olmadığını açıq şəkildə bəyan edərək müharibədən sonra sülhə doğru düşmənin məcburiyyətdən bəzi addımlar atdığını, amma bu addımların yetərli olmadığını bildirdi. Sülh sazişi imzalanmadığı təqdirdə, bunun nəticələri, şübhəsiz ki, ağır olacaq. Cənubi Qafqazda inkişaf və tərəqqi üçün şərtləri diktə edən tərəf Azərbaycandır. Sülhə nail olunması hər iki ölkənin iqtisadiyyatına ciddi töhfə verəcək. Aydın məsələdir ki, hazırda sülhün gətirəcəyi iqtisadi dividentlərə möhtac olan tərəf Ermənistandır.

T.Cəfərova qeyd edib ki, Forumda dövlətimizin başçısı Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələr və gözləntilər haqqında da vacib məsələlərə də toxunub. Prezident İlham Əliyev Cənub Qaz dəhlizinin uğurla icra edildiyini və artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrildiyini, eləcə də Avropa Komissiyasının Prezidentinin Azərbaycanı etibarlı tərəfdaş adlandırdığını bildirib. Həmçinin ölkə başçısı Transxəzər Qaz Boru Kəməri ilə əlaqədar olaraq, bunun Azərbaycanın təşəbbüsü ilə başlayacaq bir layihə olmadığını bir daha qeyd edib. Azərbaycan enerji sahəsində beynəlxalq layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi dünyada tanınır və qəbul edilir. Bu sahədə Azərbaycan mühüm aktorlardan birnə çevrilmişdir. Xüsusən də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu bütün dünya qəbul edir. Bu baxımdan TAP və TANAP boru kəmərlərinin genişləndirilməsi ilə bağlı gözləntilər ölkəmizin bu sahədə nə qədər etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir.

“Prezident İlham Əliyev Azərbaycanın milli maraqları, prioritetləri ilə bağlı bir çox mühüm məsələlərə toxundu. Böyük Qayıdışla bağlı dövlətimizin başçısının qeyd etdiyi məqamlar olduqca önəmlidir. Belə ki, ölkə başçısı 30-dan çox şəhər və kəndin Baş planının təsdiqləndiyini, həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qayıdacağını bildirib. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Bu rəqəmlər, əlbəttə, hər bir azərbaycanlının qəlbində sevinc və qürur hissi oyadır. Nəzərə almalıyıq ki, bu qədər genişmiqyaslı quruculuq işini Azərbaycan təkbaşına heç bir maliyyə yardımı almadan təkbaşına həyata keçirir. Şübhəsiz ki, bütün bunlar dünyada qibtə ilə qarşılanır. Ona görə ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması və orada həyata keçirilən Böyük Qayıdış proqramı Azərbaycanın hərbi, iqtisadi və siyasi gücünə güzgü tutur. Azərbaycanın real imkanlarını və potensialını nümayiş etdirir”, -deyə deputat qeyd edib.

Tamam Cəfərovanın sözlərinə görə, reallıq ondan ibarətdir ki, bu gün dünyada baş verən bütün mürəkkəb siyasi proseslərin fövqündə Azərbaycan dinamik inkişaf nümunəsi ortaya qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən daha da güclənən Azərbaycan bütün siyasi arenalarda haqlı və güclü mövqeyini ortaya qoymaqdan çəkinmir. Əlbəttə, bütün bunların arxasında güclü siyasi iradə, xarakter mövcuddur.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin nümayiş etdirdiyi əzm və siyasi iradə Azərbaycan xalqının birliyinin, həmrəyliyinin siyasi təzahürünə çevrilib.