“Fransa bəşəri ədaləti ayaqlar altına salmaqdan çəkinmir” – Rəşad Mahmudov

Qlobal çağırışların cavablandırılması, beynəlxalq terrorizmə qarşı mübarizə, sülh, təhlükəsizlik məsələləri və digər bəşəri problemlərin çözülməsi, konfliktlərin araşdırılması üçün nüfuzlu təsisat olan Qoşulmama Hərəkatı Azərbaycanın bu quruma sədrliyi dönəmində çevikliyi, ədalətli mövqeyi ilə dünya siyasətinə təsirini önəmli dərəcədə gücləndirib.

Hərəkata üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli əlaqələr son dövrdə xeyli fəallaşaraq ümumi məqsədlər uğrunda mübarizəyə yeni töhfələr verir. Çox da uzaq olmayan keçmişə nəzər saldıqda məlum olur ki, bəşəriyyət üçün kabus sayılan COVID-19 pandemiyasından əziyyət çəkən dünyada vaksinlərin ədalətli bölüşdürülməsi ilə bağlı problemin aradan qaldırılması yönündə Qoşulmama Hərəkatının, onun indiki sədri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskar, səmərəli fəaliyyəti bütün dünyada rəğbətlə qarşılanıb.

Dövlətimizin başçısının “peyvənd millətçiliyi” ilə bağlı təklifinin BMT-də sənəd kimi qəbul olunması bu ədalətsizliyin aradan qaldırılması, kasıb ölkələrin pandemiya təhlükəsindən xilası üçün imkanları genişləndirib.

Hərəkatın Azərbaycan paytaxtından dünyaya yayılan təşəbbüsləri onun BMT-dən sonra ikinci böyük beynəlxalq qurum olaraq nüfuz və gücünü artırmaqla yanaşı, ölkəmizin də beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir.

Bu sözləri  Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O bildirib ki, Bakı Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünə ev sahibliyi etməklə yenidən dünyanın diqqət mərkəzindədir. Necə deyərlər, hərəkatın nəbzi yenidən Azərbaycanın paytaxtında döyünür. Son dövrdə Bakı dünyada narahatlıq, bəşəriyyət üçün təhlükələrin aradan qaldırılması ilə bağlı bir sıra nüfuzlu beynəlxalq mövzuların mərkəzi kimi məşhurlaşıb.

Prezident İlham Əliyev görüşün açılışında çıxışı dünyanı qütblərə bölən, ədalətsiz qərarları, məsuliyyətsiz bəyanatları ilə bəşəriyyəti məhvə sürükləmək iddiasını ortaya qoyanlara növbəti sərt təpki, eyni zamanda, siyasi dərs oldu. Azərbaycan Prezidenti Fransanın timsalında dünyada neokolonializm meyillərinin artmasından dərin narahatlığını ifadə etdi. Dövlətimizin başçısı qeyd etdi ki, Fransa neokolonializmi hələ də davam etdirən, müstəqil dövlətlərin daxili işlərinə kobud surətdə qarışan ölkə olaraq ənənəvi vərdişindən əl çəkməyib.

Bu dövlətin Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu bildirən Prezident İlham Əliyev rəsmi Parisi Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, Yeni Kaledoniya xalqının, eləcə də digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməyə çağırıb. Azərbaycan lideri Fransanın yaxın keçmişdə Afrikada törətdiyi soyqırımı vəhşiliyindən söhbət açaraq təkcə Əlcəzairdə 1,5 milyon dinc insanın qətlə yetirildiyini vurğulayıb.

Azərbaycan Prezidenti Fransanın insanlıq adına utanc olan əməllərinə toxunaraq bildirdi ki, hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri fəxrlə müharibə qənimətləri kimi saxlanılır. Dövlətimizin başçısı bu ölkənin prezidenti Emmanuel Makrondan həmin mübarizə qurbanlarının qalıqlarını Əlcəzairə təhvil verməsini tələb etməklə humanizm prinsiplərinə sədaqətini nümayiş etdirdi. Bu sərt açıqlamanın nişan verdiyi həqiqət budur: Özünü dünyaya “insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi” kimi təqdim edən Fransa, əslində, bəşəri ədaləti ayaqlar altına salmaqdan çəkinmir.

“Afrikada amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu anlamayan Fransa iyrənc siyasi təcrübəsini Cənubi Qafqazda tətbiq etməyə çalışır, Azərbaycanın daxili işlərinə qarışmaq, Qarabağda erməni separatizmini dəstəkləmək kimi bədnam addımlardan çəkinmir. Prezident Makronun timsalında bu ölkənin rəhbərliyi qəbul etmək istəmir ki, regionda söz və güc sahibi, sülh və təhlükəsizliyin təminatçısı Azərbaycandır.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının rəhbəri kimi bu qurumun məram və prinsipləri baxımından dünyada vüsət alan islamofobiya və ksenofobiya hallarından, eləcə də gerçəkdən ümumbəşəri dəyər olan İslam dininin məqsədli şəkildə terrorla və digər qeyri-insani rəftarla eyniləşdirilməsi kimi uğursuz cəhdlərdən də narahatlığını ifadə etdi, bu antibəşəri meylləri kəskin pislədi. Prezident Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılmasının, təhqir olunmasının və buna ifadə azadlığı adı altında bəraət verilməsinin qəbulolunmaz olduğunu bildirdi.

Beləliklə, Prezident İlham Əliyev Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Fransa liderinə, onun kimi düşünən, dünyanı ədalətsiz qərarları ilə məhvə sürükləmək iddiasında olan siyasətçilərə humanizm, siyasi əxlaq dərsi keçdi”, – deyə Rəşad Mahmudov vurğulayıb.

Sonda deputat qeyd edib ki, Azərbaycan Prezidenti dünya ictimaiyyətini dərindən narahat edən qlobal problemləri bir daha gündəmə gətirməklə həqiqətə növbəti dəfə gur işıq saldı. Mümkündür ki, bu qınayıcı həqiqətlər məlum imperialist dairələr üçün qıcıq yaratsın, əlahəzrət həqiqəti eşitmək həmin tiplər üçün xoş olmasın. Amma görünən odur ki, dünya bu gerçəyin tərəfindədir və Prezident İlham Əliyevin qlobal aləmin ağrılarını ifadə edən siyasətini, bu yöndə müdrik və qətiyyətli fəaliyyətini dəstəkləyir.