Fransa bütün mənalarda Azərbaycana uduzduğuna görə aqressivləşib

“Yelisey sarayının əsl niyyəti Ermənistanın təhlükəsizliyini qorumaq yox, öz maraqlarını təmin etməkdir. Fransa özünün Cənubi Qafqaz siyasətində İrəvanı “qurbanlıq quzu” rolunda görür”.

Bu fikirləri   açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, məgər rəsmi Paris Azərbaycanın 20 faiz ərazisini 30 il işğalda saxlayan Ermənistanın beynəlxalq qanunlara zidd addım atdığını, azərbaycanlıların öz torpaqlarından zorla qovulduğunu görmürdümü?! İşğal dövründə niyə bu canfəşanlığı etmirdi, niyə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistanı ədalətə dəvət etmirdi?! Çünki həmin status-kvo Azərbaycana təzyiq etmək üçün Parisə sərf edirdi: “Fransa Ermənistanın dəstəkçisi, himayədarı olaraq bu münaqişədə öz çıxarlarını düşünür və əksər hallarda buna nail olurdu. Amma Yelisey sarayı Azərbaycanın qısa müddət ərzində işğala son qoyacağını bəlkə də hesablamamışdı. Düşünürdü ki, bu, atəşkəs dövründə tez-tez baş verən növbəti toqquşmalardan biridir və həmsədr ölkələrin bir çağırışı ilə qısa müddətdə dayandırılacaq. Fransa yanıldı, Azərbaycan Ordusu 1993-cü ilə Parisin də imzaladığı BMT TŞ-nin 4 qətnaməsini xalqın dəstəyi, Ali Baş Komandanının sərkərdəlik məharəti sayəsində təkbaşına yerinə yetirdi”.
Deputat söyləyib ki, Fransa bütün mənalarda Azərbaycana uduzduğuna görə aqressivləşib: “Bunu təkcə biz demirik, Yelisey sarayının əsas ruporu, təbliğatçısı “Le Figaro” qəzeti də yazır. Nəşrin qeydlərindən də məlum olur ki, Makronun dövründə rəsmi Parisin ermənipərəst mövqeyi, bununla yanaşı Azərbaycana qarşı aqressiv davranışı hər gün getdikcə artıb. Fransa özünə hətta Avropanın bir neçə marionet ölkələrindən ibarət koalisiya da yaradıb. Amma bundan uzağa gedə bilməyən Fransanın ABŞ və Vatikanı da belə çirkin oyunlara alət etmək niyyəti baş tutmayınca, necə deyərlər, tikəsi boğazında qalıb”.
Aydın Hüseynov əlavə edib ki, Parisin Azərbaycana qarşı Qarabağ konfransı təşkil etmək istəyi dəstək qazana bilmədiyinə görə uğursuzluğa düçar olub: “Vaşinqton və Vatikan Azərbaycanın haqlı olduğunu bildiklərinə görə növbəti səhvlərini təkrarlamaq istəməyiblər. Paris isə səhvini başqalarının üzərinə qoymağa çalışır, guya ABŞ və Vatikan bu konfransın keçirilməsinə razı olsaydılar, Ermənistan indiki duruma düşməzdi. Fransa da daxil olmaqla bəzi dövlətlər nədənsə Ermənistanın beynəlxalq sənədlərlə də Azərbaycan ərazisi sayılan torpaqları işğal etməsi faktını görməzdən gəlirlər. Üstəlik, “Le Figaro” qəzeti Qarabağı “erməni anklavı” kimi qeyd edir. Bu isə, bir daha beynəlxalq qanunların, sənədlərin, ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı prinsiplərinin  kobud şəkildə təhrif olunması deməkdir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş xarici siyasət nəticəsində Fransanın Cənubi Qafqazla bağlı çirkin planları iflasa uğrayıb: “Fransa kimi müstəmləkəçi ölkələr başqalarına diktə etməyə öyrəşiblər. Onlar düşünürlər ki, dünyanın harasında olursa-olsun, cızdıqları plan mütləq, sorğusuz-sualsız həyata keçirilməlidir. Xüsusən də Parisin keçmiş sovet respublikaları üzərində qurmaq istədiyi planlar yanlışdır. Fransa bu ölkələrin milli kimliyini unudur, ya da bilərəkdən nəzərə almır. Bu da onun məğlubiyyəti ilə başa çatır. Fransa Cənubi Qafqazda yürütmək istədiyi siyasətə yenidən baxmalı, Azərbaycanla normal ikitərəfli münasibətlər qurmalıdır. Əks təqdirdə, Parisin bütün planları kağız üzərində qalacaq”.