“Fransa rəsmiləri “kiçik bacı”nı revanşizmə cəsarətləndirir” – Millət vəkili

Fransa yenə öz ampulasındadır. Laçın yolu ilə bağlı əsassız iddiaların təkrarlanması, sadəcə bölgədə süni gərginlik yaratmaq məqsədi daşıyır.

Bunu  Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Fransa Senatının sədrinin erməni həmkarı ilə görüşdən sonra öz şəxsi sosial hesabından paylaşımı hiddət doğurur. Paylaşımında Jerar Larşe Laçın yolunun təcili açılması ilə bağlı haqsız tələbini ifadə edib.

K.Nurullayeva qeyd edib ki, Fransa Senatının sədri bu azmış kimi “Ermənistanın təhlükəsizliyinin təminatı” məqsədilə Fransa tərəfindən müdafiə xarakterli silahların verilməsinin sürətləndirilməsi yönündə çağırışlar da səsləndirib.

Fransa rəsmisinin bu hərəkətinin açıq şəkildə Brüsseldə əldə olunan müəyyən irəliləyişlərə kölgə saldığını diqqətə çatdıran K.Nurullayeva deyib: “Məlumdur ki, sonuncu görüşlərdə Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etdiyi halda Fransa rəsmiləri “kiçik bacı”nı revanşizmə cəsarətləndirir. Həqiqət bundan ibarətdir ki, Fransa rəsmiləri reallığı təhrif etməklə məşğuldur. Çünki Laçın yolu bağlı deyil, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir neçə gün əvvəl qəbul etdiyi qərarında da Ermənistanın Laçın yolu ilə bağlı müvəqqəti təminat tələbi rədd edilir. Məhkəmə də nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olmadığını təsdiqləyir”.

Deputat bildirib ki, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və üzvlər adından Fransa Senatının sədrinə ünvanlanan müraciətdə də Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq üçün mühitin yaradılmasına heç bir faydası olmayan bəyanatlardan çəkinmək çağırışı əks olunub.

Könül Nurullayeva “Təhlükəsizliyin müdafiəsi” adı altında silah dəstəyinin bölgədə yeni eskalasiya niyyətinin göstəricisi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu yanaşma sülh prosesi istiqamətində aparılan danışıqlarla ziddiyyət təşkil edir.