Fransa terroru,separatizmi qəbul edir-Deputat

Fransa Senatı bədnam 145 saylı qətnamə layihəsini qəbul etməklə terroru, vandalizmi, təcavüzü, işğalı və separatizmini rəsmən dəsəkləmiş oldu. Fransa kimi özünü maarifçiliyin, demokratiyanın, hüququn beşiyi sayan bir ölkənin elə bu bəşəri dəyərlərə zidd mövqe tutması, Cənubi Qafqaz kimi mürəkkəb bir regionda münaqişəni alovlandırmaq cəhdi ilk növbədə Avropada təhlükəsizlik üçün təhdiddir. Azərbaycan-Ermənistan və Rusiya arasında qəbul olunmuş 10 noyabr birgə Bəyanatını tanımaq istəməməsi, bu razılaşmaya açıq hörmətsizlik etməsi Fransa Senatının həm də bölgədə sülhyaratma missiyası ilə çıxış edən rəsmi Moskvaya meydan oxuması deməkdir. XALQ.AZ xəbər verir ki,bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bu gün keçirilən iclasda yazılı çxışını təqdim edib. Deputat qeyd edib ki, Qətnamə layihəsində dəfələrlə Türkiyənin adının hallandırılması Fransa Senatının yeni dünya gücü olan Türkiyəyə aşkar hücumdur. Bu qədər aqressivlik yalnız bir şeyin göstəricisi ola bilər, bu, Avropada faşizmin yenidən dirçəlmə təhlükəsi deməkdir. Bu, həmçinin, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi rəsmi Parisin proseslərin sonrakı gedişində iştirakını ciddi sual altında qoyur. Senatın qətnaməsinin hüquqi qüvvəsi yoxdur, lakin, Fransa üçün siyasi yükü var. Bu yükün ağırlığı da Azərbaycanın yox məhz elə Fransanın özünün çiyinlərini zədələyəcək, Fransanın öz daxilində milli azlıqlara münasibətdə yürüdülən siyasət ifşa olacaq. Bu gün Dağlıq Qarbağda 60 minlik bir toplumun “müstəqilliyini” tanımağı tövsiyyə edən Fransa Senatı, yaxşı olar ki, Fransanın öz daxilində baş verən beynəlxalq hüququnun prinsiplərinə zidd olan total pozuntulara – ümumilikdə 20 milyondan çox insana dilinin, milli kimliyinin unutdurulması siyasətinə münasibət bildirsin. Yaxşı olar ki, Fransa Senatı “xalqların xilaskarı” missiyasını elə Fransanın özündən başlamalıdır. Bilirsiz ki, müstəqilliyin ilk illərində məhz erməni lobbisinin təsiri ilə Fransa Azərbaycan münasibətləri ürəkaçan olmasa da sonrakı illərdə bu münasibətlər ciddi siyasi-iqtisadi səviyyəyə çatıb, habelə, çox gözəl mədəni əlaqələr qurmuşuq. Fransanın ticari tərəfdaşı kimi Azərbaycan Ermənistanı dəfələrlə qabaqlayır. Bütün bunların fonunda aşkardır ki, Azərbaycanla münasibətlərin pozulması, fransızların maraqlarına xidmət etmir. Bu baxımdan inanmaq istəyirik ki, Fransa hökuməti Senatın hüquqi-siyasi əxlaqa sığmayan bu tövsiyyəsinə əməl etməyəcək, üstəlik, Fransanın alnına sürülmüş bu ləkəni aradan qaldırmaq üçün tədbirlər görəcək.Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsindəki hərbi-siyasi qələbəsi ilə cənubi Qafqazda güc mərkəzinə çevrilib və bu rol getdikcə daha da möhkəmlənmədkdədir. Bu baxımdan, Fransa da daxil, Azərbaycanla hesablaşmayan heç bir qüvvənin Cənubi Qafqazda maraqlarının, mənafelərinin mövcudluğundan söhbət gedə bilməz.