Fransa uğrunda can qoyan bizim eloğlu, ermənilərə qahmar çıxan fransızlar

Zəfərlə bitən 44 günlük müharibəmiz dünya azərbaycanlılarını, Azərbaycanın dostlarını sevindirsə də çoxlarını, görünür, narahat edib. Başda isə dünya ermənilərindən də artıq narahat olmaqla “lider”liyi ələ alan Fransa və onun prezidenti Emanuel Makrondur. Belə anlaşılır ki, Makron 44 günlük müharibə dövründə, necə deyərlər, gecəni də yatmayıb. İşi-dərdi Paşinyana sms yazmaq, zəng vurmaqdan ibarət olub. Ölkənin daxilində yaranan problemləri, tətilləri, etiraz aksiyalarını önləmək, küçəyə tökülüşən fransızları evlərinə yığmaq əvəzinə Makron ölkəsindən minlərlə km uzaqda yerləşən və Fransaya heç bir aidiyyatı olmayan ərazilərdə qarışıqlıq salmaq niyyətində imiş…

Görünür, vaxtilə fransız yazıçı Aleksandr Dümanı öz xülyaları ilə aldada bilməyən ermənilər bixəbər Makronu Ermənistanın “cənnət” olmasına inandıra bilib. Makronun Qarabağa olan iştahı o qədər artıb ki, hətta Minsk qrupunun həmsədri olmasını belə unudub. Əslində neytral olmağı üstün tutmalı olan “yenilikçi” rəhbər açıq formada işğalçının yanında olduğunu bəyan edir və bu istiqamətdə işlər aparır. Əslində Makron müharibə dövründə də prosesə hər vəchlə özünü qatmaq istəyirdi. Amma Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti qarşısında zərif fransız öz acizliyini dərk etdiyi üçün sakit oturmağı seçdi.

Indi isə Fransa senatının hər iki palatasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi və Makronun da onları dəstəkləməsi, əlbəttə, təəssüfedici məqamdır. Çünki artıq Ermənistanın özü mövcud vəziyyətlə barışmaqla Azərbaycan və Türkiyə ilə yeni münasibətlər qurmağa cəhd göstərdiyi vaxtda Makronun Fransasının yürütdüyü siyasət anlaşılmazdır.

Bu məqamda Makron və onun əqidədaşlarına bir xatırlatma etmək yerinə düşər…

1.jpg (25 KB)

Fransanin “Fəxri Legion” ordeninin sahibi Əhmədiyyə Cəbrayilov…

Bu ad bəlkə də Fransa prezidenti Emmanuel Makrona heç nə demir. Çünki çox kiçikdir. Amma əminəm ki, həyat yoldaşı 64 yaşlı Bricit Trognedən soruşsa, o izah edə bilər. Vaxtilə biz şəkililərin “De Qoll” Əhmədiyyə deyə çağırdığımız Əhmədiyyə Cəbrayılov bəlkə də bu günləri görsəydi Azərbaycan əleyhinə qətnamə qəbul etməyə cəhd göstərən hər kəsi, el dili ilə desək, “ağ yuyub, qara sərərdi”. Buna haqqı da çatardı. Çünki Fransanın azadlığı uğrunda apardığı mübarizədə sərgilədiyi qəhrəmanlıq əminəm ki, həmin senatorlardan daha yüksəkdir. Yoxsa Fransa kimi bir ölkə müsəlman Armed Mişelə, yaxud Xarqoya bu qədər mükafat verərdimi? Fransanın hərbi medalı, “Müharibə Xaçı”, “Hərbi şücaət xaçı”, “Fransa Müqavimət hərəkatı” medalı, “İgidliyə görə” medal, “Yaralanmağa görə” medal və s. və ilaxır… Əhmədiyyə Cəbrayılov hətta 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə də dəvət olunub. 1994-cü ildə isə “Front National” milli hərakat məmuru Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edib.

2.jpg (20 KB)

Bilməyənlər üçün burada bir haşiyə çıxmaq istərdim. Şəki yumor şəhəri olduğu üçün, demək olar ki, hər kəsin bir ləqəbi var. Elə Əhmədiyyə Cəbrayılova da “De Qoll Əhmədiyyə” deyilməsi məhz Şarl de Qollun adı ilə bağlıdır. Fransanın 18-ci prezidenti Şarl de Qollun onun xidmətlərini yüksək qiymətləndirməsi, ona xüsusi mükafatlar və medallar təqdim etməsi, aralarında olan isti münasibət, həmçinin o dövrdə Fransa- SSRİ münasibətlərində onun rolu bu qəhrəmana şəkililər arasında belə bir ləqəb qazandırıb.

Görünür, bunları bir-bir həmin senatorların yadına salmaq lazımdır ki, ölkələrinin bu gün dünyanın inkişaf etmiş ölkələr siyahısında azad və müstəqil olmasında rolu olanlardan biri də elə həmyerlimiz Əhmədiyyə Cəbrayılovdur. Onu da yadlarına salmaq lazımdır ki, yüzlərlə fransızı əsir düşərgəsindən azad etmək üçün canından belə keçməyə hazır olan bu azərbaycanlı qəhrəman gedən döyüşlərdə hətta ağır yaralanıb da…

Bu gün Fransa Senatı terror dövləti olan Ermənistanı müdafiə etməklə onlara bacılıq etməklə təkcə Azərbaycan yox, elə Türk dünyasını da hədəfə almış olur. Çünki Fransanın Yaxın Şərqdə maraqlarının Türkiyə ilə toqquşması bir daha göstərir ki, Fransa kimi ölkələr hələ də müstəmləkəçilik idarəçiliyindən əl çəkməyib.

Liviyada baş verənlər, Suriyada Türkiyə əleyhinə terrorçulara dəstək, son vaxtlar Aralıq dənizində maraqların toqquşması, Türkiyənin artıq Cənubi Qafqazda da söz sahibinə çevrilməsi və Afrikada təsir dairəsinin artması, idman dili ilə desək, “xoruzlar”ı hövsəldən çıxarıb. Çünki ABŞ prezidenti Donald Trampın hakimiyyət illərində xarici siyasətdə Orta Şərqdən qismən əlini çəkməsi fransızlara da cəsarət verib. Bu cəsarət isə günü-gündən xəyanətə çevrilir.

3.png (282 KB)

                                       Əlcəzairdə fransız hərbçilərin törətdiyi qətliam

Afrikada əsrlərdir davam edən müstəmləkəçilik, 2 milyondan çox afrikalının qətlində günahkar, Əlcəzairdə, Ruandada soyqırım həyata keçirən bir dövlət bu gün həyasızcasına Azərbaycan və Türkiyə kimi yalnız öz hüquqlarını tələb edən dövlətlərdə qüsur axtarmağa çalışır. Ancaq daim özü kimi siyasət yeridən terrorçu Ermənistan isə sanki süddən çıxmış ağ qaşıq olub.

Eybi yox, qoy Ermənistan elə fransızların südündən çıxan qaşıq olsun. Çünki südü xarabların qaşığı da elə ancaq öz südlərini qarışdıra bilər.

Ümid edirik ki, Makron və o düşüncədə olan siyasətçilərə öz qədim tarixi, mədəniyyəti, elmi ilə fərqlənən Fransa kimi bir ölkədə düz yolu göstərən olacaq və bizim haqlı mübarizəmizə müsbət formada dəstək verəcək. Inanmaq istəyirik ki, hələ də orada sağlam düşüncəli insanlar var. Çünki biz Fransanı dar düşüncəli siyasətçilərin at oynatdığı meydan kimi tanımamışıq. Onlar beynəlxalq hüququ pozmaq yox, beynəlxalq hüquqların tələblərinə uyğun olaraq mövqe tutacaqlar. Deyəcəklər ki, “öz siyası maraqlarınızı, hədəflərinizı, vəzifə kürsünüzü digər ölkələrin heysiyyatı və bədbəxtliyi üzərində qurmayın”.

Vüqar İsgəndərov, millət vəkili