“Fransada irqçiliyin və islamafobiyanın sürətlə artdığını görürük” – CeyhunMəmmədov

“Azərbaycan Prezidenti İlham Əliyev hər zaman olduğu kimi yenə öz ədalətli mövqeyini bir daha ortaya qoyub. Bu gün Azərbaycan dünyada tolerant, multikultural ölkələrdən biridir və ölkəmizdə bütün dinlərə bərabər şərait yaradılıb. Amma bu gün biz xüsusən Fransada irqçiliyin və islamafobiyanın sürətlə artdığını görürük”. Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov  deyib.

Deputat son zamanlar Fransada baş verən hadisələrin bu ölkədə irqçilik və islamafobiyanın sübutu olduğunu qeyd edib və Prezident İlham Əliyevin BMT-nin bəyanatını dəstəkləməsinin təbii olduğunu vurğulayıb: “Bir neçə gün əvvəl Fransada baş verən hadisələr bu ölkədə irqçilik və islamafobiyanın nə dərəcədə yayıldığını bir daha göstərir. Əlbəttə ki, bu gün Fransa da və bir çox dünya dövlətləri də bu məsələyə öz etirazlarını bildirirlər. Bu baxımdan Prezident İlham Əliyevin BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləməsi təbiidir. Çünki Azərbaycan da müsəlman ölkəsidir və biz müsəlman ölkəsi olaraq müsəlmanlara qarşı aparılan, həyata keçirilən bu siyasəti qətiyyətlə pisləyirik və bu siyasəti yanlış hesab edirik. Bu, bütövlükdə dünyada dinlər, məzhəblər arasında münasibətə də xələl gətirir və Fransa belə əməllərə son qoymalıdır. Beynəlxalq təşkilatlar da bununla bağlı Fransaya çağırışlar etməlidirlər və Fransanın bu əməllərini qətiyyətlə pisləməlidirlər ki, gələcəkdə belə hallar təkrarlanmasın. Bu cür hallar artıq Fransada davamlı və xarakterik hal alıb. Bu, qəbuledilməzdir və birmənalı olaraq pisnəlilməli əməldir”.