Fransanın niyyəti nədir?!

Fransa Milli Assambleyası Senatdan geri qalmayaraq “Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə qəbul etməsi, Fransa qanunverici hakimiyyətinin son vaxtlar nümayiş etdirdiyi ilk baxışdan gülünc görünsə də, əslində bölgədə və eyni zamanda Avropa məkanında sülh və təhlükəsizlik üçün ciddi təhdidir.
Əvvəlcə ondan başlayaq ki, Azərbaycan və Ermənistan arasında uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsi artıq yoxur. Laçın rayonunun işğaldan azad edilməsi münasibəti ilə xalqa müraciətində Prezident İlham Əliyevin dediyi kimi , “Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etməklə, üç rayonu isə düşməni məcbur edərək qaytarmaqla Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir.” Əlbətdə kimsə bu bəyanatı Azərbaycan tərəfinin birtərəfli mövqeyi hesab edə bilərdi, əgər münaqişənin digər tərəfi, Ermənistan Rusiyanın iştirakı ilə 10 noyabr bəyanatını imzalamasaydı. Mübahisəsizdir ki, Ermənistan Azərbaycanın şərtlərini qəbul edib, reallıqla barışıb. Belə olan halda böyük sülhə gedən yolda, ilkin və ən vacib olan, münaqişəyə son qoyulmasını nəzərdə tutan, qəti atəşkəsə nail olan razılaşmanı pozmaqda Fransanın niyyəti nədir?! Üstəlik nəzərə alsaq ki, beynəlxlaq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını etibar etdiyi 3 dövlətdən biri 1997-ci ildən bəri Fransadır, rəsmi Parisin mövqeyi həqiqətən sual və ikrah doğurur. Bu mövqe həmçinin onu deməyə əsas verir ki, Fransa ATƏTin Minsk qrupunun həmsədri kimi “uğurlarını” BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi də davam etdirir. Belə ki, BMT Nizamnaməsinin Preambulasında “gələcək nəsilləri, həyatımızda iki dəfə bəşəriyyətə sözlə deyilə bilməyən bəlalar gətirmiş müharibənin müsibətlərindən xilas etmək” ilk məqsəd kimi müəyyən edilib, “mehriban qonşular kimi səbirlilik nümayiş etdirmək və birlikdə, bir-biri ilə dinc yaşamaq və beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq üçün gücləri birləşdirmək və bütün xalqların iqtisadi və sosial tərəqqisinə yardım göstərmək üçün beynəlxalq mexanizmdən istifadə etmək”lə bu məqsədlərə nail olmaq qət edilib. Fransanın bu gün nümayiş etdirdiyi mövqe isə bölgədə Azərbaycan və Ermənistan arasında mümkün sülh prosesinə mane olmaqla, bölgədə münaqişəni yenidən alovlandırmaq cəhdindən başqa bir şey deyil.
İkinci narahatlıq doğuran məqam “xristian icmaları və erməni xalqının qorunması” məfhumudur. Müasir Azərbaycan ərazisində islamdan öncəki inanc xristianlıq olub. Xristian icmaları, dini abidələr, ibadət yerləri bu gün də ölkənin müxtəlif ərazilərində mövcudluğunu qorumaqdadır və dövlət tərəfinən ağlabatan qayğı ilə əhatələnib. Bu istiqamətdə 10-larla dövlət səviyyəsində addımlar atılıb və təqribən bir ay öncə Qəbələnin Nic qəsəbəsindəki Alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa edilərək istifadəyə verilməsi silsilə tədbirlərin növbətisidir. Habelə, Azərbaycanda aralarında Ermənistan iqtidarında təmsil olunmuş ali vəzifəli şəxslərin birinci dərəcəli qohumları da olmaqla 30 mindən artıq erməni yaşayır, hətta onların təhlükəsizliyinə xüsusi təminat verilməsinə də ehtiyac duyulmur, mültikultural yanaşmanın nəticəsi olaraq onlar özlərini bu cəmiyyətin bir parçası hesab edir və rahat şəkildə yaşayır. Belə olan halda Fransa kimi kimdən qorumaq istəyir? Əgər mövzu Dağlıq Qarabağdakı Alban – sonradan saxta yolla erməniləşdirilməyə cəhd edilən kilsələrdirsə, Ermənistan bu ərazilərə cəmi 28 il nəzarət edib. Bu halda sual çıxır, bəs bu kilsələr, bu abidələr əsrlərdir kim tərəfindən qorunur? Azərbaycan istəsəydi, dinsiz Sovet rejimi dövründə, hələ 100 il əvvəl bu abidələri yerlə yeksan edib tarixdən silə bilərdi və bu işdə ən ali səviyyədə dəstək ala bilərdi. Lakin, Azərbaycan xalqı haqlı olaraq həmişə bu kilsələrə öz qədim mədəniyyətinin bir parçası kimi baxıb və baxacaq da. Əslində işğala son qoymaqla biz qədim Alban mədəniyyət və dini nümunələrini erməni vandalizminən qoruduq. Bu gün işğaldan qurtulmuş ərazilərdə Alban kilsələrindəki köhnə kitabələrin “qədimləşdirimiş” erməni daş yazıları ilə əvəz olunması kimi xeyli sayda vandalizm aktı aşkarlanmışdır. Əgər Fransanı xristian dəyərlərini qorumaq maraqlanırırsa əvvəlcə bundan başlamalıdır. Yaxud Fransa dini təəsüübkeşliyini göstərmək niyyətindədirsə niyə bu günə qədər Azərbaycanda bir dənə də olsun təmir və bərpaya ehtiyacı olan qədim kilsənin təmir yaxud bərpası prosesinə niyyət göstərməyib? Axı Azərbaycan tərəfindən, konkret olaraq Heydər Əliyev Fondu tərəfindən elə Fransanın özü də daxil olmaqla Avropada bui istiqamətdə xeyli təşəbbüslər reallaşıb.
Ən azı 300 illik sivil hüquq mədəniyyəti və məktəbləri olan Fransa bu gün həqiqətən də qəbilə məntiqi ilə hərəkət edir. Fransa üçün İslami yaşam tərzinə dil uzatmaq – söz azadlığıdır. İslam Peyğəmbərini təhqir etmək, karikaturasını çəkmək özünüifadə və yaradıcılıq azadlığıdır. İslam ənənələrinə münasibətdə məhdudiyyətlər tətbiq etmək, məscidləri bağlamaq dövlətin suveren hüququdur, yaxud məscidləri tövləyə, donuz damına çevirmək olar, lakin söz kilsədən düşəndə artıq bu dini hisslərə toxunmaq, şəxsiyyətin vicdan azadlığına təcavü kimi qiymətləndirilir. Volter, Russo, Monteskyonun idealları bu idimi? Görünən və insanı kədərə boğan haldır ki, maarifçiliyin beşiyi Fransa faşizm ideyalarına məğlub olmaqdadır.
Fransa Baş Assambleyasının qətnaaməsinə gəlincə, bəli bu Fransa xarici Siyasət Kursunun göstəricvcisi deyil, lakin unutmaq olmaz ki, qanunverici hakimiyyətin başqa, icra hakimiyyətinin isə başqa hava çaldığı bir ölkə ilə əlaqələrin davamlılığı çox da etibarlı olmur. Biz ümid və arzu edirik ki, Fransa kimi demokratiya və marifçilik ənənələrinə malik bir dövlət Azərbaycan kimi tarixi mədəni irsə, dövlətçilik ənənələrinə, Fransanın özündən çox daha qədim olan fəsləsi fikir məktəbinə, mütərəqqi ideyalara, sahib, bölgənin güc mərkəzi ilə, BMT məqsədlərinə müvafiq olaraq sülhə, sosial tərəqqiyə və daha artıq azadlıq şəraitində daha yüksək yaşayış standartlarının təmin olunmasına gətirib çıxaracaq hədəflərə doğru birgə addımlasın.

Milli Məclisin Deputatı
h.ü.f.d. Bəhruz Məhərrəmov