Füzuli aeroportu bu ilin payızında istifadəyə veriləcək – Dövlət başçısı

Füzuli aeroportunun tikintisinə başlanılıb. Həmçinin, ərazinin operativ şəkildə minadan təmizlənməsi həyata keçirilir. Çünki ilk növbədə, ərazini minalardan təmizləmək lazım idi. Bu proses başa çatmaq üzrədir”.

XALQ.AZ-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.

Prezident qeyd edib ki, operativ qaydada aeroportun uçuş-eniş zolağı və naviqasiya sistemi istifadəyə veriləcək:

“Füzuli aeroportu beynəlxalq aeroport olacaq. Uçuş zolağı ən ağır yük təyyarələri daxil olmaqla, bütün tip təyyarələri qəbul edə biləcək. Aeroportun tikintisinin nə zaman başa çatacağını söyləmək çətindir, çünki ərazinin minalardan təmizlənməsi məsələsi var. Biz aeroportun bu il istifadəyə verilməsini nəzərdə tutmuşuq. Əgər bütün işlər plan üzrə gedərsə, Füzuli aeroportu bu il payızın əvvəlində istifadəyə veriləcək. Bu aeroport həm ərazinin bərpa edilməsi üçün xaricdən gətirilən yüklərin qəbul edilməsinə, həm də Azərbaycan və qonşu ölkələrin vətəndaşların Şuşaya getməsinə imkan yaradacaq”.

Ölkə başçısı deyib ki, aeroportla bərabər, Şuşaya da iki avtomobil yolu inşa olunur:

“Bu yollardan biri “Zəfər yolu” adlanır, onu mən belə adlandırmışam. Həmin yolla Azərbaycanın xüsusi təyinatlı birləşmələri meşə və dərələrlə Şuşaya hərəkət edib. Digər yol isə aeroportdan Şuşaya birbaşa əlaqəni təmin edəcək. Əminəm ki, xaricdə yaşayan azərbaycanlılar, o cümlədən digər ölkələrin vətəndaşları bu imkandan yararlana biləcək.

Bizim aeroportların tikintisi üzrə planlarımız Füzuli ilə məhdudlaşmır. Biz, həmçinin, Laçın və Zəngilanda da aeroport tikəcəyik. Biz gözləyirik ki, Zəngilan çox vacib logistika mərkəzə çevriləcək. Bildiyiniz kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərindən biri Ermənistan ərazisi vasitəsilə Azərbaycan və Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması nəzərdə tutur. Bu dəhliz təbii ki, Türkiyənin Rusiya ilə əlaqəsini də yaradacaq. Buna görə bizim planlarımız böyükdür. Bu il ərzində biz onları həyata keçirəcəyik”.