Füzulinin icra başçısı görüşə polislə gedir

Ali

Alı Alıyev bir müddət əvvəl görüşlərin birində üzləşdiyi problemdən dolayı yeni «sistemə» keçib 

Bu yaxınlarda belə bir məlumat yayıldı ki, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Kürdmahmudlu kəndində əhali ilə görüş keçirib. Şübhəsiz, bu onun ilk və sonuncu görüşləri olmayıb və olmayacaq. Ümumilikdə götürəndə isə burada qeyri-adi və ya sensasiya doğuracaq heç nə yoxdur. Amma…

Məsələnin amması odur ki, Alı Alıyev bütün görüşlərə gedərkən, əvvəlki dönəmlərdən fərqli olaraq artıq özü ilə rayon polisinin əməkdaşlarını da aparır. İndi deyilə bilər ki, polis asayişin qorunması və təhlükəsizliyin təmini üçün şərtdir. Lakin Füzulinin icra başçısının belə bir addım atmasının səbəbi heç də qeyd olunan amillərlə bağlı deyil.

XALQ.AZ xəbər verir ki, hələ bir müddət əvvəl Füzulinin bir neçə kəndində və Bakı şəhərində məskunlaşmış rayon sakinləri ilə görüşdə icra başçısına etirazlar olub. Məlumatlara görə, Alıyevin çıxışlarına və sözlərinə etiraz edən rayon sakinləri, hətta onu verdiyi vədə əməl etməməkdə, habelə dövlətin siyasətini düzgün aparmamaqda ittiham ediblər.

Bu hadisələrdən sonra rayon rəhbərliyi polislə əhali ilə görüşə getmək qərarına gəlib. Bundan əlavə, Alıyevlə görüşə qatılanların da kimliyi əvvəlcədən müəyyənləşdirilir və kim olduqları, hansı «təhlükə mənbəyi» ola biləcəkləri dəqiqləşdirilir. Bunun ardından isə görüş reallaşdırılır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Jam.az

Ali