Gəncə səhiyyəsinin “xəstə” günü

Gence

Artıq bir neçə müddətdir ki, ölkə mətbuatında davamlı olaraq Gəncə səhiyyəsinin ağır durumda olmasına dair tənqidi materiallar dərc olunmaqdadır. Bu xüsusda yerli mənbələr tərəfindən KİV-ə təqdim olunan məlumatlarda isə israrla vurğulanır ki, əslində bu gün Gəncənin səhiyyə sistemi Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev tərəfindən sürəkli istismara məruz qoyulub. Məlumatlarda hətta qeyd olunur ki, M.Rzayevin törətdiklərini ölkənin bir çox digər səhiyyə ocaqlarında və tibb müəssisələrində müşahidə olunan və bizim üçün artıq çoxdan adiləşmiş, şirinlik və hörmət adları altında yola verdiyimiz rüşvətxorluq əməlləri ilə müqayisə etmək olmaz. Mövzuya dair ötən yazılarımızda biz artıq qeyd etmişdik ki, son illər respublikamızda səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığı üçün müvafiq tədbirlərin daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanması üzrə dövlət proqramları ölkəmizdə tibbi xidmətin səviyyəsini də yüksəltmişdir. Digər bölgələrdə olduğu kimi, Gəncə şəhərində də səhiyyə sahəsində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyətə malikdir. Bununla belə Mehman Rzayevin bütün mövcud resurs və imkanları yalnız öz mənfəətinə xidmətə yönəltməsi, bu sahənin inkişafını yetərincə əngəlləyir. Qəzetimizin ötən saylarında dərc olunmuş tənqidi materiallarda Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayevin yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarına dair bəzi açıqlamalar təqdim olunmuşdu. Bu xüsusda mənbələr Mehman Rzayevin Gəncənin dövlət nəzdində fəaliyyət göstərən tibb müəssisələrinə təyin etdiyi “aylıqlara” dair konkret rəqəmlərdə ifadə olunan faktlar irəli sürmüşdülər. Məsələn belə mənbələrdən biri tərəfindən irəli sürülən iddiada bildirilir ki, bu gün Gəncənin istisnasız bütün dövlət tibb müəssisələrində xəstəliklərin müayinəsi və müalicəsi yalnız ödənişlidir. Həm də şikayətçilər həmin ödənişlərin məcburi olduğunu bildirirlər. İddia olunur ki, burada dövlət tərəfindən verilən dərman preparatları açıq-aşkar satışa çıxarılır, şəhərin xəstəxanalarında müalicə alan xəstələrə hər gün dövlət hesabına dərman yazılsa da dərmanlar heç bir halda onlara verilmir. Məlum olduğu kimi Səhiyyə və Maliyyə nazirliklərinin 27 fevral 2007-ci ill tarixli birgə əmrinə əsasən 141 adda dərman pulsuz olaraq güzəştli kateqoriyalı xəstələrə verilməlidir. Səhiyyə Nazirliyinin 01 dekabr 2005-ci il tarixli 141 nömrəli əmrinə əsasən isə xəstəxanaların bütün şöbələrində təcili tibbi yardım üçün 60 adda dərman və 23 adda tibbi ləvazimat məcburi qaydada olmalıdır. Məlumatlarda isə bildirilir ki, bu dərmanlar və tibbi ləvazimatları Gəncənin əksər tibb məntəqələrində yoxdur. Həmçinin mənbələr iddia edirlər ki, rüşvətxorluq və baxımsızlıq nəticəsində yaranmış analoji durum bu gün Gəncənin bir çox tibb müəssisələrində, o cümlədən 2 saylı xəstəxanada, Abbas Səhhət adına xəstəxanada, 1 saylı uşaq xəstəxanasında və Şəhər körpələr evində müşahidə olunmaqdadır. Bütün bu özbaşınalıqlar isə bilavasitə Mehman Rzayevin qanunsuz tələblərindən irəli gələrək törədilir. Daxil olan məlumatlarda bu da vurğulanır ki, Gəncə səhiyyəsinin bu durumuna etiraz edənlər ən azından işlərindən olacaqlarını yaxşı bilirlər. Çünki Gəncə şəhər Səhiyyə İdarəsi rəisinin Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə yaxın dost olması hər kəsə məlumdur. Buna görə də Mehman Rzayevin Gəncədə hələ ki, qılıncının dalı da, qabağı da kəsir…