Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir.

Hər kəsə aydındır ki, gənclik bir millətin yaşaması, inkişaf etməsi üçün əsas amildir. Hər bir ölkədə müstəqilliyin, dövlətçiliyin gücləndirilməsi, gənclərin potensiallı, intelektual səviyyədə yetişdirilməsindən, aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Buna görə də gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ümummilli Lider Heydər Əliyev Azərbaycan gəncliyinin güclü hamisi idi, onlara daim qayğı göstərir, bir fərd kimi yetişməsinə xüsusi önəm verirdi. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdü. Gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalamış, onların vətənpərvər ruhda tərbiyəsinə həmişə xüsusi diqqət yetirmişdir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları gözəl bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və idman Nazirliyini yaratdı. Gənclər və idman nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilməyə başladı, nazirliyin yerli strukturları formalaşdı, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı.
1996-cı ilin 2 fevralından – Azərbaycan Gənclərinin Birinci Forumundan etibarən Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə hər üç ildən bir Azərbaycan gənclərinin forumunun təşkil edilməsi, ölkədə gənclər gününün təsis olunması, onların problemlərinin həllinə yönələn çoxsaylı fərman və sərəncamların imzalanması, qanunların qəbulu, gənclərin dövlət quruculuğu prosesinə cəlb edilməsi reallığa çevrildi.
Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvərlər ola bilməz. Bizim adət-ənənələrimiz insanları saflığı, təmizliyə dəvət etmişdir. Bu gün bizdə gəncləri yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik. Bununla biz həm cəmiyyətimizi qoruyacağıq, həm də gələcək nəsli sağlam saxlayacağıq. Milli dəyərlərə bağlı olan hər bir insan, qlobal təhlükə və təhdidlərə məruz qala bilməz. Bu baxımdan həm də mükəmməl bir vətəndaş olacaq. Hər bir dövlətin ən başlıca sərvəti onun milli dəyərlərə malik vətəndaşlarıdır.
Hər bir xalq öz dili ilə tanınır. Azərbaycan dövlətinin də öz ana dili “Azərbaycan dili” adlanır. Tarix boyu Azərbaycan dili müxtəlif xarici təsirlərə məruz qalmışdır. Amma xalqımız bu təzyiqlərə baxmadan dilimizi qoruyub saxlaya bilmişdilər. Çünki bir müstəqil dövlətin dili əlindən alınarsa, məhv edilərsə bu həmin dövlətin süqutu deməkdir. Bu gün hər birimiz Azərbaycan dilinin qorunmasında öz vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirməliyik. Ana dilinin qayda və normalarına mükəmməl yiyələnib, saf bir şəkildə gələcək nəslə ötürə bilməliyik. Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi işinin təşkili istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” işıq üzü görmüşdür. Lüğət müasir və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya normaları”na uyğun tərtib edilib.

Şəfa Ağasiyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti