GDU-dan cavab gəldi

 

71

Universitetin bir qurp müəllimi Yadigar Əliyevin müxalifətçi olmadığını bəyan edib

Ötən gün Xalq.az Xəbər Portalında Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yadigar Əliyevlə bağlı məlumat dərc olunmuşdu. Həmin məlumatda deyilirdi ki, rektorun müxalifət partiyalarından biri ilə yaxşı münasibətləri var. Bu gün həmin yazı ilə bağlı Xalq.az-a GDU-nun bir qrup müəllim heyəti cavab göndərib.

Müraciəti olduğu kimi təqdim edirik: “Hörmətli sayt rəhbərliyi! 13.11.2013-cü il tarixində Xalq.az saytında “Gəncə Dövlət Universitetinin rektoru müxalifətçi imiş?” başlığı altında ağılasığmaz yazı dərc edilmişdir. Nəzərinizə çatdiririq ki, Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyev 2001-ci ildən Yeni Azərbaycan Partiyasının fəal üzvüdür və həm elmi-pedaqoji fəaliyyətində, həm də idarəçilik mövqeyində daim Dövlətçiliyimizi dəstəkləyir, hörmətli Prezidentimiz İlham Əliyevin bütün sahələrdə yürütdüyü aydın, insanyönümlü, ölkə vətəndaşlarının rifahını yüksəltməyə xidmət edən siyasi kursuna daim sadiqdir. Yadigar Əliyev bir azərbaycanlı kimi, bu ölkənin vicdanlı vətəndaşı olaraq respublikamızda gedən ümumi quruculuq işlərinə öz töhfəsini əsirgəmir. Onun fəaliyyətində “AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” İNKİŞAF KONSEPSİYASININ hədəfləri təhsil və quruculuq sahəsində əsas prioritetlərə çevrilmişdir. Universitet çərçivəsində insan kapitalının inkişafına xidmət edən bütün imkanlardan istifadə edərək, işi günün tələblərinə müvafiq qurur. O gözəl ziyalı, ədalətli və bacarıqlı idarəçidir. Verdiyiniz yazı – universitetin professor-müəllim heyəti tərəfindən etirazla qarşılanmışdır! Sizi Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndərimizin layiqli davamçısı İLHAM ƏLİYEV tərəfindən etimad göstərilən insana hörmətlə yanaşmağa çağırırıq! Bu Sizi xalqın ziyalılarına, onun rəhbərinin etdiyi seçimə hörmətlə yanaşmağa sövq etməlidir! Xalqın adını daşıyan bir Kütləvi İnformasiya Vasitəsi kimi azərbaycan xalqının ziyalılarına hörmətlə yanaşmaq Sizin müqəddəs borcunuzdur və bu uğurlu yolda Sizə-Azərbaycanımızın dəyərli jurnalistlərinə uğurlar arzulayırıq”.