Gənclərimiz hər sahədə öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazırlar
Gənclər hər bir xalqın gələcəyini müəyyənləşdirən əsas qüvvədir. Onların inkişafı və cəmiyyətə inteqrasiyası ölkənin sabahı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu sahədə genişmiqyaslı islahatlara start verildi, dövlət gənclərin hərtərəfli inkişafına dəstək olmaq üçün ardıcıl addımlar atdı. Bu siyasətin əsasını Ümummilli Lider Heydər Əliyev qoymuş, onun davamçısı Prezident İlham Əliyev isə daha da genişləndirərək müasir dövrün tələblərinə uyğunlaşdırmışdır.
Gənclər siyasətinin rəsmi şəkildə formalaşması 1994-cü ildən etibarən aparılan tədbirlərlə bağlıdır. Həmin dövrdə Heydər Əliyev gənclərlə bağlı ilk fundamental qərarları qəbul edərək onların dövlət idarəçiliyində, ictimai və iqtisadi sahələrdə daha fəal iştirakına şərait yaratmağa başladı. Məhz bu siyasətin nəticəsi idi ki, 1996-cı ilin 2 fevral tarixində Azərbaycanda ilk dəfə Gənclər Forumu keçirildi. Bu forum ölkə gənclərinin problemlərini müzakirə etməsi və onların həlli yollarını təklif etməsi üçün bir platformaya çevrildi. Forumun əhəmiyyəti nəzərə alınaraq, Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla 2 fevral Azərbaycan Gəncləri Günü elan edildi. Bu, ölkədə gənclər siyasətinin mühüm mərhələyə qədəm qoyduğunu göstərirdi.
Gənclərin inkişafı üçün yalnız tədbirlər və simvolik günlər müəyyənləşdirmək kifayət etmirdi. Möhkəm hüquqi baza yaradılmalı, onların təhsil, məşğulluq və sosial rifahı üçün davamlı dəstək mexanizmləri işlənməli idi. Bu məqsədlə, 1999-cu ildə “Dövlət Gənclər Siyasəti haqqında” fərman imzalandı. Ardınca 2002-ci ildə Milli Məclis tərəfindən qəbul edilən “Gənclər siyasəti haqqında” qanun bu sahədə hüquqi çərçivəni daha da möhkəmləndirdi. Bu qanunlar çərçivəsində gənclərin sosial müdafiəsi, onların işlə təmin olunması, yeni nəsil liderlərin yetişdirilməsi üçün proqramlar həyata keçirilməyə başlandı.
Gənclərin potensialını artırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək üçün dövlət xüsusi proqramlar təsdiqlədi. 2005-ci ildən etibarən qəbul edilən “Azərbaycan Gəncliyi” Dövlət Proqramları bu sahədə əsas istiqamətləri müəyyən etdi. 2005-2009, 2011-2015 və 2017-2021-ci illəri əhatə edən proqramlar çərçivəsində minlərlə gənc müxtəlif sahələrdə dəstək aldı, təhsil və məşğulluq sahəsində geniş imkanlar əldə etdi.
Gənclərin dəstəklənməsi istiqamətində atılan ən mühüm addımlardan biri də Azərbaycan Respublikasının Gənclər Fondunun yaradılması oldu. 2011-ci ildə təsis edilən bu fond, gənclərin sosial və intellektual inkişafına dəstək vermək məqsədi daşıyır. Fondun fəaliyyəti nəticəsində minlərlə gənc layihələrini həyata keçirmək üçün maliyyə yardımı aldı, öz ideyalarını reallaşdırdı və müxtəlif beynəlxalq proqramlara qatıldı.
Bundan əlavə, dövlət gənclərin xaricdə təhsil almasını da prioritet məsələlərdən biri kimi müəyyən etdi. 2007-2015-ci illəri əhatə edən “Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazandı. Bu təşəbbüs nəticəsində yetişən mütəxəssislər hazırda ölkənin müxtəlif sahələrində fəaliyyət göstərərək Azərbaycan iqtisadiyyatına və elminə töhfə verirlər.
Dövlət gənclərin inkişafı üçün yalnız təhsilə və məşğulluğa deyil, eyni zamanda onların cəmiyyətə inteqrasiyasına və vətənpərvərlik ruhunun yüksəldilməsinə də xüsusi diqqət yetirir. Müstəqillik illərində gənclərin idmana, sənətə və ictimai fəaliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Azərbaycanın ev sahibliyi etdiyi Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və müxtəlif beynəlxalq idman tədbirlərində iştirak edən gənclər ölkəmizi layiqincə təmsil edərək yüksək nailiyyətlər qazanıblar.
Eyni zamanda, gənclərin könüllü fəaliyyətə cəlb olunması, sosial layihələrdə iştirak etməsi də geniş vüsət alıb. Azərbaycan Könüllü Təşkilatları İttifaqı, ASAN Könüllüləri, Regional İnkişaf İctimai Birliyi kimi qurumlar gənclərin aktivliyini artıraraq onların ictimai həyatda daha fəal olmasını təmin edir. Bu könüllü fəaliyyətlər sayəsində gənclər öz bacarıqlarını inkişaf etdirmək, cəmiyyətə fayda vermək və gələcək karyeraları üçün təcrübə qazanmaq imkanı əldə edirlər.
Azərbaycan dövləti gənclərin gələcək inkişafını təmin etmək üçün yeni strategiyalar qəbul edir. 2015-ci ildə təsdiq edilən “Azərbaycan gənclərinin İnkişaf Strategiyası” 2025-ci ilə qədər gənclərin daha geniş imkanlar əldə etməsinə yönəlib. Bu strategiyanın əsas məqsədləri gənclərin innovativ düşüncəsinin inkişaf etdirilməsi, onların startap layihələrinin dəstəklənməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsidir.
Bu gün Azərbaycan gəncləri cəmiyyətin ayrılmaz və ən aktiv hissəsidir. Onlar elm, texnologiya, mədəniyyət və biznes sahələrində öz bacarıqlarını nümayiş etdirərək ölkənin inkişafına mühüm töhfələr verirlər. Dövlətin yaratdığı imkanlar nəticəsində gənclər öz potensiallarını tam şəkildə reallaşdırır, yeni ideyalar və layihələr həyata keçirir, beynəlxalq arenada Azərbaycanı uğurla təmsil edirlər.
Vətənpərvər Azərbaycan gəncləri. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir:-
“Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.”
Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir.
Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti, onların inkişafı üçün hərtərəfli imkanlar yaradır və bu prosesin davamlı olması ölkənin gələcək uğurlarının əsasını təşkil edir. Gənclərin bilik və bacarıqlarına qoyulan investisiya Azərbaycanı daha güclü və firavan bir gələcəyə aparan əsas amillərdən biri olacaqdır.
Gününüz mübarək olsun əziz gənclər!
Ülviyyə Həmzəyeva
Millət vəkili