“Gövhər MTK” müştəriləri aldadır

 

63

Şirkət yüzlərlə sakini öz iradəsindən asılı vəziyyətə salıb

Azərbaycanda əksər şirkətlərin istehlakçıları aldatması, onlara keyfiyyətsiz xidmət göstərməsi ilə bağlı məsələ dəfələrlə gündəmə gəlsə də, hələ də öz həllini tapmır.

Vətəndaşların daha çox şikayət etdiyi, narazı qaldığı şirkətlər arasında tikinti şirkətləri xüsusi yer tutur.

Göydələn inşa edən tikinti şirkətləri sakinlərdən pul alsalar da, onları lazımi şəraitlə təmin etmirlər.

Payçıların hüquqlarını pozan tikinti şirkətləri arasında “Gövhər MTK” şirkəti də yer alır.

Belə ki, şirkət uzun illərdir payçılardan pul alıb, onlar üçün bina inşa etsə də, sakinləri çətin həyat sürməyə məcbur edir.

Sakinlər evlərinin qeydiyyata alınmaması bir yana, nə mavi yanacaqla təmin edilir, nə də yaşamaq üçün münasib şərait var.

Binada liftlər işləmir, həyətlərdə antisanitar şərait hökm sürür, bloklar səliqəsiz, blokların eyvanlı isə açıqdır. Bu isə xüsusən uşaqların həyatı üçün olduqca təhlükəli və risklidir.

Özü də şirkət rəsmiləri “Əslində biz bu binaları təhvil verməməli idik, sadəcə sakinlər kirayə qalmasın deyə, məcbur olmuşuq” şəklində qarşılıq verirlər. Olduqca anormal bir bəhanə. Görəsən daha neçə illər keçməliymiş ki, “Gövhər MTK” binaları təhvil versin.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov tikinti şirkətləri arasında payçıların aldadılması faktının geniş yayıldığını bildirdi: “Bu vəziyyət təkcə, “Gövhər MTK”-da deyil, digər şirkətlərdə də hökm sürür. Yüzminlərlə vətəndaş paytaxtda inşa edilən yeni tikili binalarda ev alsalar da, onlar nə mavi yanacaqla təmin edilir, nə lazımi infrastrukturla. Həm də aldıqları evlərini özəlləşdirə bilmirlər”.