Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dönəmdə gənc nəslə diqqət və qayğı dövlət siyasətində prioritet istiqamətlərdən biri olub. Savadlı gənc kadrların yetişdirilməsi məqsədilə Ümummilli Lider hələ 1970-1980-ci illərdə Azərbaycan gənclərinin keçmiş Sovet İttifaqının ən qabaqcıl tədris müəssisələrində təhsil ala bilmələri üçün əməli tədbirlər görüb, böyük səylər göstərib. Əlbəttə ki, gənc nəslə diqqət və qayğı göstərilməsini önəmli məsələ kimi özündə ehtiva edən bu siyasət kursu Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra daha böyük uğurla davam etdirildi. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial vəziyyəti daim Ulu Öndərin diqqət mərkəzində idi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-dək ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərlə şəxsən görüşməsi, onlara Prezident təqaüdünün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir bariz nümunəsidir. Bütün bunlar Azərbaycan gəncliyinin potensialının milli mənafelərimizin təmin olunmasına, ölkənin inkişafına və dövlətimizin daha da güclənməsinə yönəldilməsi istiqamətində atılan müstəsna əhəmiyyətli addımlar idi.

Bunu Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov söyləyib.

1993-cü ildən başlayaraq ölkəmizdə gənclər siyasətinin institutlaşdırılması məqsədilə görülən tədbirlərdən bəhs edən deputat xüsusi olaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılması müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsi işinə yeni təkan verib. “Əlbəttə ki, Ulu Öndər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakına zəmin yaratmaq, gənclər siyasətinin başlıca məqsəd, prinsip və istiqamətlərini, eləcə də təşkilati-hüquqi əsaslarını müəyyənləşdirmək üçün bir çox digər vacib sənədlər də imzalamışdı. O cümlədən Ümummilli Liderimizin gənclər forumunun keçirilməsi ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüs gənclərin təşkilatlanması istiqamətində atılmış növbəti mühüm addımlardan biri oldu. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi vəzifə qoyaraq demişdir: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”. Bu tarixi hadisədən bir il sonra – 1997-ci il fevralın 2-də Ulu Öndər tərəfindən imzalanmış Sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən Azərbaycanda Gənclər Günü hər il təntənəli şəkildə qeyd edilir”, – deyə G.Qəhrəmanov bildirib.

Milli Məclisin deputatı, həmçinin vurğulayıb ki, 2003-cü ildən sonra Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyevin bu gün qətiyyətlə həyata keçirdiyi dövlət siyasəti Azərbaycan gənclərinin hərtərəfli inkişafını təmin edir. “Dövlətimizin başçısının müdriklik və uzaqgörənliklə yürütdüyü, gələcəyə hesablanmış siyasətin, bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının sayəsində Azərbaycan gəncliyində özünəinam hissi artıb, gənc nəslin ölkənin ictimai-siyasi həyatındakı rolunun güclənməsinə, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə yaradıcı gəncliyin formalaşmasına əlverişli şərait yaranıb. 2022-ci il fevralın 2-də söylədiyi tarixi nitqində Prezident İlham Əliyev demişdir: “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”. Bu gün Azərbaycan qalib dövlət olaraq öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə nəticəsində 30 illik işğala son qoyub. 2023-cü ilin sentyabrında isə ölkəmiz özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bu böyük zəfərlərin qazanılmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynayıb. Rəşadətli Ordumuzun sıralarında mətanətlə döyüşən qəhrəman gənclərimizin fədakarlığı sayəsində tarixi Qələbə qazanılıb. Heç bir şübhə yoxdur ki, Azərbaycan gəncliyi bundan sonra da ölkəmizdə gedən dinamik inkişafın əsas aparıcı qüvvəsi kimi çıxış edəcək”, – deyə G.Qəhrəmanov vurğulayıb.


media-ads-728x90

Bənzər xəbərlər