Ülviyyə Həmzəyeva: “Azərbaycan dövlətçiliyinə və ölkənin inkişafına xidmət edirik”
Bu gün, Yeni Azərbaycan Partiyasının Babək rayon təşkilatının yaranmasının 32-ci ildönümünü qeyd etmək üçün toplaşmışıq. Bu, təkcə bir təşkilatın tarixi deyil, həm də Azərbaycanın siyasi inkişaf yolunun mühüm bir mərhələsidir. 1992-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qurulan Yeni Azərbaycan Partiyası ölkəmizin müasir siyasi sisteminin əsasını qoymuş və Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxarmışdır.
Ölkəmizin hər bir bölgəsində olduğu kimi, Babək rayonunda da YAP-ın təşkilatlanması və güclənməsi mühüm əhəmiyyət kəsb etmişdir. Bu gün biz YAP Babək rayon təşkilatının keçdiyi 32 illik şərəfli yola nəzər salır, bu müddət ərzində əldə edilən nailiyyətləri dəyərləndiririk.
Yeni Azərbaycan Partiyası yalnız bir siyasi təşkilat deyil, eyni zamanda Azərbaycan dövlətçiliyinin dayağı, milli maraqlarımızın müdafiəçisi və ölkəmizin gələcək inkişaf yolunu müəyyən edən aparıcı qüvvədir. Partiyamızın əsas ideoloji prinsipləri olan müstəqillik, milli iradə, iqtisadi inkişaf və sosial rifah prinsipləri əsasında biz daim irəliləmişik. Ötən 32 ildə YAP Babək rayon təşkilatı rayonun siyasi və sosial həyatında mühüm təşəbbüslərlə çıxış etmiş, əhəmiyyətli tədbirlərə imza atmışdır.
Babəkdə siyasi fəallığın artımı, sakinlərimizin Yeni Azərbaycan Partiyasına dərin sevgisi bunu bir daha sübut edir. Biz bunu Prezident, parlament və bələdiyyə seçkilərində fəal təbliğat-təşviqat işlərinin aparılmasında da görürük. Partiyanın yerli strukturlarının genişləndirilməsi və gücləndirilməsi hər zaman prioritet məsələlərdən biri olmuşdur. Partiya üzvlərinin sayı artaraq minlərlə insana çatmış və onların rayon səviyyəsində keçirilən siyasi tədbirlərdə aktiv iştirakları da müşahidə olunur.
Hörmətli iştirakçılar!
YAP Babək rayon təşkilatı təkcə siyasi fəaliyyətlə məhdudlaşmır, eyni zamanda sosial layihələr, dəstək proqramları və dövlətin inkişaf strategiyasına uyğun fəaliyyətlər həyata keçirir. Aztəminatlı ailələrə, şəhid və qazilərin ailələrinə sosial yardımların göstərilməsi, gənclər və qadınlar üçün xüsusi təlim proqramlarının təşkili bu fəaliyyətin bariz nümunələrindəndir.
Ümummilli lider Heydər Əliyevin qoyduğu möhkəm siyasi təməl üzərində bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni zirvələrə yüksəlir. YAP daima inkişaf edən və yeniliklərə can atan ən tolerant partiyadır. 32 il ərzində YAP Babək rayon təşkilatı öz uğurlu fəaliyyətini Partiya rəhbərliyinin işığında quraraq, davam etdirmiş və rayonun ictimai-siyasi həyatında mühüm rol oynamışdır.
Bu illər ərzində Yeni Azərbaycan Partiyası ölkənin inkişafına misilsiz töhfələr vermişdir. Azərbaycanın beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi, iqtisadi islahatların həyata keçirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, sosial rifahın artırılması və regionların inkişafı YAP-ın rəhbərliyi ilə gerçəkləşdirilmişdir. Partiyamızın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz qlobal çağırışlara uyğun inkişaf edir və müasir dünyanın nüfuzlu dövlətləri arasında yerini daha da möhkəmləndirir.
Qarşıdakı illərdə də təşkilatın əsas prioritetlərindən biri dövlətin sosial-iqtisadi inkişaf strategiyasına uyğun layihələrin icrası, yeni nəsil liderlərin yetişdirilməsi və rəqəmsal dövrə uyğun siyasi kommunikasiya strategiyasına inteqrasiyası olacaq.
Bu gün YAP Babək rayon təşkilatı güclü və təcrübəli bir siyasi institut kimi fəaliyyətini davam etdirir və Azərbaycanın gələcəyi naminə mühüm töhfələr verməyə hazırdır. Bu əlamətdar gündə təşkilatımızın bütün üzvlərini təbrik edir, Azərbaycanımızın rifahı naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıram. 32 illik fəaliyyət az deyil! Bu, Azərbaycan dövlətçiliyinə və ölkənin inkişafına xidmət edən uğurlu bir siyasi yolun göstəricisidir. Yeni Azərbaycan Partiyası olaraq biz bu yolu birlikdə və qətiyyətlə davam etdirəcəyik!
Yaşasın Yeni Azərbaycan Partiyası! Yaşasın Azərbaycan!
Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı