“Hər bir vətəndaş Mehriban xanımın diqqət mərkəzindədir”Məşhur Məmmədov

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində mərhəmətin, sülhsevərliyin canlı mücəssəmələrindən sayılır.

Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.

Deputat qeyd edib ki, Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi fəaliyyət istiqamətlərinə baxsaq, “Yumşaq güc” amilinin təcrübədə effektivliyinə bir daha əmin ola bilərik.

“Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır”.

Deputat Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verildiyini qeyd edib:

“Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olub”

Məşhur Məmmədov onu da vurğulayıb ki, ölkənin hər bir vətəndaşı hər zaman Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir: “Bir çox sahələrdə biz bu humanizliyin şahidi ola bilərik. İstər təhsil, istər qayğıya ehtiyacı olan uşaqlar, istərsə də qazi və şəhid ailələrinin problemlərinin həlli hər zaman Mehriban xanım Əliyevanın diqqətindədir. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı olub. Bu diqqət və qayğı bu gün də davam edir”.