“Hər gün içinizdə daha çox nəyi bəsləyirsiniz?”

9

 

Qənirə Paşayeva

Yaşlı bir hindu qəbilə başçısı evinin önündə nəvəsi ilə oturub yaxınlıqda bir-biri ilə boğuşan iki köpəyi izləyirdi. Köpəklərdən biri bəyaz, digəri isə qara idi və on iki yaşındakı uşaq özünü tanıyandan bəri o köpəklər hər zaman babasının evinin önündə boğuşub dururdular. Babasının həmişə göz önündə tutduğu, yanından ayırmadığı iki iri köpək idi bunlar. Uşaq evi qorumaq üçün bir itin kifayət etdiyi halda, ikincisinə ehtiyac olmasını, itlərinin rənginin birinin ağ, digərinin qara olmasının səbəbini öyrənmək istəyirdi. O, maraqla babasından bu barədə soruşanda yaşlı başçı müdrik bir təbəssümlə nəvəsinin başına tumar çəkdi və dedi: “Onlar mənim üçün iki simvoldur, övlad…”
“Nəyin simvolu”, – deyə uşaq soruşdu.
“Yaxşılıq və pisliyin simvolu… Bu gördüyün köpəklər kimi, xeyir və şər içimizdə davamlı olaraq mübarizə aparır. Onları seyr etdikcə hər zaman elə bunu düşünürəm. Onun üçün onları yanımda saxlayıram.”
Uşaq bu zaman “mübarizə varsa, qazananı da olmalı” deyə düşündü və hər uşağa xas bitməyən suallarına yenisini əlavə etdi: “Baba, bəs, səncə hansı bu mübarizəni qazanar?”
Müdrik başçı dərin bir gülümsəmə ilə nəvəsinə baxdı və dedi: “Mən hansını daha yaxşı bəsləsəm, o!”
Bəli, biz içərimizdə nəyi çox bəsləyiriksə əməllərimizə, sonra da taleyimizə çevrilir…
Hər gün içinizdə daha çox nəyi bəsləyirsiniz? Hər gün bu barədə düşünməli və içimizdə nəyi bəslədiyimizə diqqət etməliyik… Unutmamalıyıq ki, insanlığımız məhz bundan asılıdır…