Hərbi sahədə əməkdaşlığın inkişafı Azərbaycanla Türkiyə arasındakı müttəfiqliyin ayrılmaz hissəsidir

Son vaxtlar imzalanan çox sayda sənədlər Azərbaycan ilə Türkiyə arasında bütün yönlərdə, o cümlədən, hərbi əməkdaşlıq sahəsində çoxtərəfli əlaqələrin olduğunu bir daha təsdiqləyir. Azərbaycanın dövlət müstəqilliyini qazanmasından sonra iki ölkə arasında ortaq tarixi və mədəni əlaqələr əsasında çoxistiqamətli həmrəylik çərçivəsində Türkiyə-Azərbaycan münasibətləri sürətlə inkişaf edərək özünün yüksək inkişaf səviyyəsinə çatıb. Türkiyə Azərbaycanı regionda çox əhəmiyyətli strateji tərəfdaş olaraq görür və müxtəlif sahələrdə möhkəm təməllərə əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səy göstərir.

Bu mənada “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə iki ölkə arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni, elmi sahələrdə əlaqələrin bütün istiqamətlərini müəyyənləşdirir. Təsadüfi deyil ki, “Hərbi-siyasi və təhlükəsizlik məsələləri üzrə” bölmənin 6-cı maddəsinə əsasən, tərəflər regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçulu­ğa, mütəşəkkil cinayətkarlığa, narkotiklərin qeyri-qanuni dövriyyəsinə, insan alverinə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində birgə əməkdaşlıq edirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov bildirib.

Deputat Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq əlaqələrinin inkişafının əsasında bir neçə amilin dayandığını deyib. Bildi­rib ki, NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə yaxından kömək göstərir. İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr mövcud münasibətlərdə mühüm yer tutur. Cənubi Qafqaz ölkələri, xüsusilə də Azərbaycan ilə hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarına uyğundur.

İ.Məmmədov daha sonra deyib: “İki qardaş ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin inkişafında hərbi kadrların hazırlanması, mad­di-texniki təchizatdan tutmuş müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Eyni zamanda, Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır. Bütün bunlar onu deməyə əsas verir ki, perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə hər zaman Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. Qardaş Türkiyə isə 30 ildən çoxdur davam edən, hələ də ədalətli həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana daim dəstək verib, hər zaman onu müdafiə edib”.

Deputat vurğulayıb ki, Azərbaycanın hərbi baxımdan inkişafı, coğrafi mövqeyi­ni gücləndirməsi, eyni zamanda, Türkiyənin güclənməsi deməkdir. Azərbaycan və Türkiyə hər sahədə müttəfiqdirlər. Bu mənada həm ikitərəfli səviyyədə, həm də NATO ilə əməkdaşlıq çərçivəsində hərbi əməkdaşlığın davamlı inkişafı bu müttəfiqliyin ayrılmaz hissəsidir.

Azərbaycan-Türkiyə münasibətlərinin sar­sılmaz və əsaslı köklərlə bağlı olduğunu deyən İqbal Məmmədov iki qardaş ölkənin tarixin bütün dövrlərində hər zaman bir-birinə dəstək göstərdiklərini qeyd edib. O bildirib: “Azərbaycan Prezidenti Yunanıstanın yeni səfirini qəbul edərkən iki ölkənin dost münasibətini, qardaş­lığını bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı səfirlə görüşündə qardaş ölkəyə birmənalı dəstəyini ifadə edərək dedi: “Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir”. Azərbaycan Prezidenti qətiyyətli şəkildə, heç bir tərəddüd etmədən ölkəmizin Türkiyəni bütün hallarda və hər zaman dəstəklədiyini diqqətə çatdırdı”.