Həsənov vəzifəyə seçildi-Nazirlik açıqladı

Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən XALQ.AZ-a bildiriblər ki, A.Həsənov Litvanın paytaxtı Vilnüsdə keçirilən seçkilərdə nümayəndələrin əksəriyyətinin səsini alıb.

Yeni vəzifəsi ilə bağlı açıqlama verən Azər Həsənov bu tarixi uğurun Azərbaycan xalqı üçün əlamətdar olan iyunun 15-də – Milli Qurtuluş Günündə və Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladıqları günə təsadüf etməsindən qürur duyduğunu bildirib.

Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti vəzifəsinə beş il müddətinə seçilib. Beynəlxalq federasiyanın digər rəhbər orqanlarına seçkilər gələn ay keçiriləcək.

Xatırladaq ki, təşkilatın sabiq rəhbəri Sergey Novikov iki ay əvvəl vəfat edib.