“Hansısa problem varsa, bu, birgə həll olunmalıdır” – Ceyhun Məmmədov

“Təəssüflə qeyd etmək lazımdır ki, son günlər Azərbaycanın ünvanına müxtəlif istiqamətlərdə tənqidlərin artdığını görürük. Mənim üçün çox maraqlıdır ki, niyə məhz hazırkı dövrdə və indiki məqamda Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri olan Ərəstun Oruclu mənfi bəyanat verib?! Niyə birdən-birə bu qədər sərt və ağır ittihamlarla bəyanatlar?! Yəni, Laçınla bağlı Ermənistanın yaratdığı blokada fonunda belə açıqlamalar hansı dövlətin və ölkənin marağına xidmət edir?! Hesab edirəm ki, bu barədə ciddi düşünməliyik”. Bu sözləri  deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, təəssüf ki, Tərtər hadisələri ilə bağlı manipulyasiya və eyni zamanda, hadisələrin təhrif olunması, cəmiyyətə yanlış formada təqdim olunması prosesi davam edir: “Hər bir dövlətdə bu və ya digər formada orduda müxtəlif hadisələr baş verir və bu hadisələrlə bağlı dövlət qurumları da müəyyən addımlar atır.

Bu gün əslində, vəziyyət ondan ibarətdir ki, Tərtər hadisələri ilə bağlı dövlət özü müəyyən addımları atmağa başlayıb və araşdırmalar gedir. Bilirsiniz ki, bu istiqamətdə cənab prezident də müvafiq tapşırıqlar verib. Bununla bağlı cəzalandırılan şəxs və insanlar da mövcuddur.

Bu cür bəyanat və açıqlamalar daha çox Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmaq, ictimai asayişi və sabitliyi pozmağa hesablanıb. Bu gün təəssüf ki, bir sıra dövlətlər və bizim də bir sıra vətəndaşlarımız Azərbaycanı Suriyaya, İraqa və ayrı-ayrı ölkələrə çevirmək istəyirlər. Onlar bu və ya digər formada Ermənistanın və Qərbin bir sıra dövlətlərinin maraqlarına xidmət edirlər. Hesab edirəm ki, elə bəyənatın özündə müəyyən həqiqətləri ehtiva etməyən, arxasında məkrli niyyətləri olan açıqlamadır. Bu cür yanaşma və açıqlamalar düzgün deyil. Hansısa problem varsa, bu, birgə həll olunmalıdır”.